Bizim.Media.az Al Jazeera-ya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərinin Zeytun (Zeitoun) rayonuna endirdiyi hava zərbəsi nəticəsində eyni ailədən 11 nəfər həlak olub.
Ordunun iddiasına görə, hücuma səbəb həmin avtomobilin İsrail nəzarət zonasını ayıran “sarı xətti” keçməsi olub. Bu, atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri baş verən hücumlar nəticəsində ölənlərin ümumi sayını 28-ə yüksəldib.
Hadisə beynəlxalq səviyyədə rezonans doğurub. HƏMAS ABŞ-yə vasitəçi ölkələri İsraili atəşkəs razılaşmasına əməl etməyə məcbur etməyə çağırıb. Hərəkat eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daha bir israilli girovun cəsədini İsrail tərəfinə təhvil verdiyini bildirib.
Bu addım HƏMAS-ın atəşkəsə sadiqliyini nümayiş etdirmək və beynəlxalq vasitəçilərin etimadını saxlamaq cəhdi kimi qiymətləndirilir.
Qəzzada vəziyyət isə humanitar böhran səviyyəsinə çatıb. Əhalinin böyük hissəsi ərzaq və içməli su çatışmazlığı ilə üz-üzədir. BMT və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, yardımların bölgəyə genişmiqyaslı çatdırılması İsrailin tətbiq etdiyi blokadalar və yol məhdudiyyətləri səbəbindən mümkün olmur.
Al Jazeera qeyd edir ki, yardım karvanlarının çoxu sərhəddə saxlanılır, nəticədə bölgədə aclıq və xəstəlik halları artır.
Ümumi statistika da vəziyyətin miqyasını göstərir. 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya qarşı apardığı müharibə nəticəsində azı 67 967 nəfər həlak olub, 170 179 nəfər yaralanıb. 7 oktyabr 2023-cü il hücumları zamanı isə İsraildə 1 139 nəfər həyatını itirib, təxminən 200 nəfər girov götürülüb.
Bizim.Media