İsveçrənin Cenervə şəhərində Suriyada sülhə dair konfransın növbəti günündə müxalifətçilər keçid hökumətinin tənzimləməsi üçün 22 maddəlik şərtlərini təqdim ediblər. Şərtlərdə hər iki tərəfin keçid hökumətinin qurulmasında iştirakı və ölkədə atəşkəs elan olunması üçün birgə məsuliyyət daşıması, həmçinin, əsassız yerə saxlanılan məhbusların azadığa buraxılması, hüququn bərpa edilməsi əsas göstərilir. Milli Şuranın mətbuat katibi Luay Səfi şərtlərlə bağlı çıxışında Rusiyanın da bu prosesin icrasında müsbət rol oynayacağına ümid etdiyini bildirib.
"Rusiya Suriya xalqının iradəsinə hörmət etməli, prosesin icrasına dəstək olmalı və siyasi həll yoluna mane olacaq ünsürləri aradan qaldırmağa kömək etməlidir".
Hazırkı prezident Bəşər Əsədin keçid hökuməti tərkibində göstərilməməsi isə hökumət təmsilçilərnin etirazlarına səbəb olub. Suriya xarici işlər nazirinin müavini Feysəl Mekdad bildirib ki, Milli Şuranın təqdim etdiyi şərtlər birinci Cenevrə görüşlərinə uyğun deyil.
"Onlar keçid hökuməti məsələsini gündəmə gətirməklə hazırkı vəziyyəti düzgün dəyərləndirmirlər. Lakin biz bir daha Suriya xalqının zorakılıqlara, terrorizmə son qoymaq məqsədilə göstərdiyi iradəyə hörmət etdiyimizi bildirdik".
Bu arada, Homs şəhərində isə BMT-nin təşəbbüsü ilə icra olunan təxliyə prosesi ötən gün də davam edib. Döyüşlərin getdiyi qaynar nöqtələrin əsarətində qalmış insanlar daha təhlükəsiz bölgələrə köçürülüblər.
Cenevrə danışıqları həftə sonuna qədər davam edəcək.



































































































