Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetinin iclasını keçirəcək.
Bizim.Media xəbər verir ki, iclasın gündəm məsələləri “Terrorsuz Türkiyə hədəfi”, regional inkişaf, iqtisadiyyat və Qəzza olacaq.
Toplantının əsas gündəm mövzusu isə Terrorsuz Türkiyə prosesi olacaq. Bu çərçivədə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının fəaliyyəti dəyərləndiriləcək. Komissiya bu həftə 8-ci və 9-cu iclaslarını keçirəcək.
Xarici siyasət və bölgədə baş verən hadisələr də Nazirlər Kabinetinin iclasınının müzakirə mövzuları sırasındadır. Xüsusilə PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin hələ də silahı yerə qoymaması, bölgədə vaxtaşırı artan gərginlik və son vəziyyət ətraflı şəkildə müzakirə ediləcək.
Türkiyənin cənub sərhədlərindəki vəziyyət də iclasın ən qaynar mövzularından biri olacaq. Rəsmi Ankara həm təhlükəsizliyi təmin etmək, həm də terror təhdidini tamamilə aradan qaldırmaq üçün atacağı addımları müzakirə edəcək.
Toplantıda xarici siyasətlə bağlı digər önəmli məsələ isə Qəzzadakı humanitar faciə olacaq.
İqtisadiyyata gəlincə, inflyasiya ilə mübarizədə əldə olunan nəticələr, qiymət sabitliyi üçün görüləcək əlavə tədbirlər də gündəmdə olacaq.
Bizim.Media