Erməni lobbisi münaqişəni obyektiv işıqlandıran jurnalistləri təhdid edir- HESABAT

Hazırda oxunan: Erməni lobbisi münaqişəni obyektiv işıqlandıran jurnalistləri təhdid edir- HESABAT

2665

Ermənistan terrorunu ifşa edən, ölkəmizin ədalətli mövqeyini işəqlandıran qərəzsiz mövqe sərgiləyən xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin Ermənistan və erməni lobbisinin söz azadlığını boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabatında yer alıb.

Hesabatda bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri danışıqlar prosesini məhv edən əsas məsələ oldu:

“Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, ölkəmizin ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Erməni lobbisi hətta neytral, balanslı mövqe nümayiş etdirən, onların maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi odur ki, bu yolverilməz hallar, əsasən, Avropa ölkələrində yaşanır”.

Qeyd edilib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutub, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilər olub.

Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatına başlayıb. 44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürüb ki, qarşıdakı 20 gün ərzində Kəlbəcər, Ağdam və Laçın rayonlarından qoşunlarını çıxaracaq.

Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Eyni zamanda, vurğulanıb ki, 2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır.

Ermənistan baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə” deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq, Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılması idi".

Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozub. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub.

Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə xarici işlər nazirlərinin Moskva razılaşmasından cəmi bir gün sonra – oktyabrın 11 gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.

Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edib.

Döyüş bölgəsindən kənarda yerləşən bölgələrə də raket zərbələri endirilib. Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılıb və zədələnib.

"Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb”, - deyə hesabatda bildirilib.

A.Mirzəyev qeyd edib ki, Ermənistanın törətdiyi hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb. Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərir.

Yekunda bildirilib ki, Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb.

Jurnalistləri ölümlə hədələmək Avropa dəyərləri, insan hüquqları ilə ziddiyyət təşkil edir.Söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq layiq olduqları cəzanı almalıdırlar.

Eyni zamanda, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtilə dinc vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO