Məlum olduğu kimi, ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Saziş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən Vaşinqtonda imzalanıb.
Bu kontekstdə müzakirə olunan mövzulardan biri də sözügedən sazişin Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədə biləcəyi ilə bağlıdır.
Yeni administrasiyanın Cənubi Qafqaz siyasəti hansı xəttlə inkişaf edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ABŞ-nin sabiq səfiri Metyu Brayza bildirib ki, yeni administrasiyanın Cənubi Qafqazla bağlı siyasəti hələ ki, tam formalaşmayıb.
"Üstəlik, strateji tərəfdaşlıq sazişi Bayden administrasiyası tərəfindən bağlanıb. Trampın qarşıdakı dönəmdə siyasəti hansı xəttlə inkişaf edəcəyi, sazişlə bağlı hansı qərar verəcəyi bəlli deyil",- o deyib.
MÖVZU İLƏ BAĞLI:
Tramp Ukraynaya hərbi yardımı DAYANDIRDI
Brayzanın sözlərinə görə, beynəlxalq hüquq prinsiplərinə görə, ABŞ bu razılaşmaya bundan sonra davam etməlidir:
"Prezident Tramp inauqurasiya nitqində dediyi kimi özünü “sülhməramlı” hesab edir. Ona görə də ümid edirəm ki, o, Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Paşinyana hazırda üzərində işlədikləri sülh müqaviləsini yekunlaşdırmağa kömək etməyə çalışacaq. Lakin indiki situasiyada prezident Trampın belə bir yanaşmasının əlaməti görülmür",- deyə sabiq səfir diqqətə çatdırıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, imzalanan saziş öhdəlik sənədi deyil:
"Tərəflər hər hansı bir öhdəliyi üzərinə götürmür. Bunu daha çox anlaşma, niyyətlər memorandomu kimi xarakterizə etmək olar. Perspektivdə sözügedən memorandomun əsasında konkret qərarlar qəbul edilə bilər. İndiki məqamda Bayden administrasiyasının belə bir təcili addımı Trampın bostanına daş atmaq kimi anlaşıldı".
O hesab edir ki, bu məsələ Tramp administrasiyasının gündəmində olmayacaq:
"Qısa bir müddət ərzində ABŞ-Ermənistan arasında hər hansı sənədin qəbulu hələ ki, sual altındadır. Trampın hazırki mərhələdə Ermənistanla bağlı açıqlaması yoxdur. Əksinə ABŞ Dövlət Departamentinə yeni təyin olunan Mark Rubio Mərkəzi Asiya ilə münasibətləri gücləndirmək istədiklərini bildirdi. Siyahıda olan dövlətlərdən Qazaxıstan, Özbəkistan və ölkəmizin adını çəkdi. Fikrimcə, Azərbaycanın bu məsələdə öncəliyi kommunikasiyaları gücləndirməkdir",- deyə T.Zülfüqarov vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media