DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - Fransız casusun məhkəmə prosesi başladı

DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - Fransız casusun məhkəmə prosesi başladı

Hazırda oxunan: DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - Fransız casusun məhkəmə prosesi başladı

227680

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda fransız müttəhimin şəxsi məlumatları dəqiqləşdirilib, anket məlumatları dinlənilib.
 

Fransa və Böyük Britaniya səfirliklərinin nümayəndələri də məhkəmə salonunda olublar.


“Merkorama” MMC-nin baş direktoru olmuş 36 yaşlı Martin Ryan bu iş üzrə Azərbaycan vətəndaşı Azad Məmmədli ilə birgə mühakimə edilir. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat qrupu tərəfindən həbs edilib. M.Ryan casusluqda, A.Məmmədli isə casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilir.

Xüsusilə ağır cinayətdə ittiham edilən hər iki müttəhim vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olub, vəsatətləri araşdırılıb. M.Ryan tərcüməçi ilə də təmin edilib.

Anket məlumatlarından görünür ki, M.Ryan Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirib.

Azərbaycanda sahibkarlıqla məşğul olan Martin Ryan Fransadan ölkəmizə şərab ixrac edirmiş.

A.Məmmədli isə hüquqşünasdır. Bakalavr təhsilini Rusiyada - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsində, magistr təhsilini isə Fransada alıb.

O, bir neçə il Azərbaycan Beynəlxalq Bankında hüquqşünas işləyib. Sonradan isə Böyük Britaniyaya köçüb. Bakıya qayıtdıqdan iki ay sonra DTX əməliyyatçıları tərəfindən həbs edilib.

Müttəhim Azad Məmmədlinin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
 

Vəsatət əsaslı olmadığından təmin edilməyib.


Martin Ryanın vəkili isə məhkəmə baxışının açıq keçirilməsini xahiş edib.

Fransız müttəhimin vəkili deyib ki, xarici ölkə səfirliklərinin nümayəndələri də prosesləri izləmək istəyir. Onların Azərbaycanda necə şəffaf məhkəmə keçirildiyini gözləri ilə görmələri daha yaxşı olar.

İlkin istintaq qanunun tələblərinə uyğun aparıldığından, tərəflərin də razılığı ilə iş məhkəmə baxışına verilib. Məhkəmə istintaqının açıq keçirilməsi qərara alınıb.

İlk baxış iclası yanvarın 6-na təyin edilib. Qərar fransızcaya tərcümə edilərək Martin Ryana təqdim edilib.

Qeyd edək ki, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən casus kimi istifadə edilib.

Geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO