Azərbaycanın “Avroviziya-2009“ təmsilçisi, tanınmış müğənni Aysel Teymurzadə səhnəyə qayıdır.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, ailə həyatı qurduqdan sonra fəaliyyətinə ara verən müğənni son zamanlar paylaşımları ilə pərəstişkarlarını sevindirir.
Belə ki, sosial şəbəkə hesabında tez-tez video və fotolarını paylaşan Aysel, “İTV”nin yayımladığı Yeni il tədbirinin anonsunda “Bu gecə səhnəyə dönənlər” kimi təqdim olunanlar arasında yer alıb.
Xatırladaq ki, bir neçə ay öncə Aysel Teymurzadənin həyat yoldaşı - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadədən boşanması ilə bağlı iddalar yayılmışdı. Daha sonra müğənni həyat yoldaşı ilə birlikdə görüntüləndiyi videonu paylaşaraq söz-söhbətə son qoymuşdu.
Bu xəbərlərin yaranmasına səbəb isə Murad Adıgözəlzadənin işçisi olan xanımla səmimi münasibətinin olması, hətta Adıgözəlzadənin onunla evlənəcəyini bildirməsi iddiaları idi.
Filarmoniyanın direktoru bu haqda danışmasa da, məsələdə adı hallanan qadın iddiaları təkzib etmişdi. Məlumatların mədəniyyət ocağının imicinə zərər yetirməsinə baxmayaraq, xəbərlər haqda rəsmi reaksiya da verilməyib.
Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün 3 övladı var.
Bizim.Media