III Dünya Müharibəsi XƏBƏRDARLIĞI – Rusiya nüvə silahına əl ATACAQ?

III Dünya Müharibəsi XƏBƏRDARLIĞI – Rusiya nüvə silahına əl ATACAQ?

Hazırda oxunan: III Dünya Müharibəsi XƏBƏRDARLIĞI – Rusiya nüvə silahına əl ATACAQ?

221219

ABŞ Prezidenti Cozef Baydenin səlahiyyət müddətinin başa çatmasına az qalmış Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsi böyük maraqla qarşılandı. Bunun ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verdilər.

Qərbin bu qərarlarına Rusiyanın cavabı gecikməyib. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Baydenin bu icazəsinin III Dünya Müharibəsinə səbəb olacağını elan edib.

NATO-nun üç əsas ölkəsinin bu qərarı Ukrayna-Rusiya münaqişəsinin gedişinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politioloq Zərdüşt Əlizadə bildirib ki, bu qərarın Ukrayna savaşında ciddi dönüş yaradacına inanmır:

“Fərz edək ki, Ukrayna Rusiyanın bir neçə uzaqda yerləşən bir sıra ərazilərinə və ya hərbi obyektlərinə zərbə endirdi. Bununla Rusiya ilə Ukrayna orduları arasındakı qüvvə nisbəti dəyişməyəcək ki?! Əlbəttə, Rusiya onsuz da həm siyasi,  həm iqtisadi cəhətdən müharibəyə görə böyük ziyanlar görü. Hərbi texnika baxımından da itkiləri çox böyükdür.

Amma buna baxmayaraq, Rusiya Ukraynadan qat-qat böyük və güclü dövlətdir. Qərbin hərbi yardımı və sursatı çox olsa da, Ukrayna onlardan lazımi istiqamətdə istifadə edə bilmir. Əsgər və zabitlərin fərdi qəhrəmanlığı, canlarını fəda etməsi əsla qüvvələr nisbətindəki bərabərsizliyi dəyişə bilmir. Ona görə mən düşünmürəm ki, uzaq məsafəli Qərb istehsallı raketlərin Rusiya ərazisində hərbi obyektlərə zərbə endirmə icazəsi müharibənin gedişini ciddi şəkildə dəyişə bilər”.

Politoloqun fikrincə, buna cavab olaraq Rusiya eskalasiyanı gücləndirə bilər:

“Bu baxımdan Putin ola bilsin ki, nüvə silahından istifadəyə əl atacaq. Çünki başa düşür ki, Qərb dövlətləri, Qərb əhalisi ölmək istəmir. Ona görə onun bu eskalasiyasına layiqli cavab verməyəcəklər.

Qısası, Ukrayna Rusiya hərbi bazalarına Qərbin raketləri ilə zərbələr endirsə, Rusiyadan cavab olacaq. Onsuz da Rusiya ağına-bozuna baxmadan, heç bir məhdudiyyət bilmədən Ukraynada hərbi və mədəni obyektləri bombalayır.

Ərazisindəki hərbi və strateji  mərkəzlərə Ukrayna zərbə endirərsə, ola bilər ki, Rusiya cavab olaraq ona qarşı nüvə silahından istifadə edər. Bu isə ciddi şəkildə İkinci Dünya Müharibəsidə Amerikanın Xirosima və Naqasakiyə atdığı bombalardan sonra ilk nümunə olacaq. Bir nüvə dövləti qeyri-nüvə dövlətinə qarşı bu silahdan istifadə edir. Bu, ciddi bir qanun pozuntusu olacaq”.

Nüvə silahına əl atsalar...

Zərdüşt Əlizadə qeyd edib ki, əgər Rusiya belə bi addım atarsa, bu, onun özünün də çöküşü olacaq:

“Bu, Rusiyaya heç bir yaxşı şey gətirməyəcək. Nə hərbi, nə də siyasi cəhətdən. İqtisadi cəhətdən isə bu onun tam çöküşü olacaq. Çünki Qərbin Rusiyaya münasibəti kəskin sərtləşəcək. Lakin yenə də deyirəm, bu gün nə Rusiya Ukrayna üzərində qələbə qazana biləcək, nə də Ukrayna Rusiyaya qarşı müharibədə ciddi irəliləyiş əldə edəcək.

Müharibə və münaqişə davam edəcək, tərəflərin mövqeləri uzlaşmayacaq. Ukrayna öz qanuni hüquqlarını tələb edir. Qərb onun hüquqlarını müdafiəsi üçün kifayət qədər qətiyyət göstərmir. Rusiya isə Ukrayna torpaqlarının ilhaqını tələb edir, onun dövlət kimi müstəqiliyini şübhə altına alır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO