Ərdoğandan Azərbaycan qazı ilə bağlı TƏKLİF və ABŞ-ın ilk MÜNASİBƏTİ - TƏHLİL

Ərdoğandan Azərbaycan qazı ilə bağlı TƏKLİF və ABŞ-ın ilk MÜNASİBƏTİ - TƏHLİL

Hazırda oxunan: Ərdoğandan Azərbaycan qazı ilə bağlı TƏKLİF və ABŞ-ın ilk MÜNASİBƏTİ - TƏHLİL

110138

Başa vurduğumuz həftədə Azərbaycanın və onun strateji tərəfdaşlarının enerji həyatında baş verənlər diqqət mərkəzində oldu. Ona görə də buraya diqqət həm  də okeanın o tayından da tuşlanmışdı. İndi isə keçək onların təsnifatına. 

Türkmən qazının yeni sədaları.

Bizim üçün həftənin əsas enerji hadisəsi Xəzərin o tayında baş verirdi. Dekabrın 14-də Türkmənistanın Avaza turizm zonasında Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının iştirakı ilə ilk dəfə bu formatda keçirilən zirvə toplantısında bu və ya digər şəkildə enerjiyə bağlı xeyli fikirlər səsləndirildi və onu qeyd edim ki, hələ prezidentlərin görüşündən bir gün əvvəl üç ölkənin energetika nazirləri bir araya gələrək xüsusi görüş də keçirmişdilər.

Onunla bağlı yayılan məlumatlarda isə nazirlərin görüşündə enerji sektorunda əlaqələrin inkişafına təkan verəcək mühüm sazişlərin imzalanmasına hazırlıq işlərinin müzakirə edildiyi və Türkmənistan tərəfinin dünya bazarlarına enerji daşıyıcılarının tədarük həcminin artırılmasında və şaxələndirilməsində maraqlı olduğunun ifadə edilməsi ifadə edilirdi.

Vaşintondan ilk münasibət. Yəqin elə buna görə də, zirvə toplantısına kənar ölkələrdən olan diqqət də kifayət qədər idi. Xəzərin o tayında yüksək səviyyədə müzakirələr başlayar-başlamaz artıq ona münasibət Okeanın o tayından gəldi.
“Vaşinqton  Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin mümkün yollarını araşdırır”, bəyanatı ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Avropa, energetika, ətraf mühit və kibertəhlükəsizlik üzrə Xarici İşlər Komitəsində "ABŞ. Qafqazla bağlı siyasət" mövzusunda dinləmələr zamanı çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan regionda enerji təchizatının şaxələndirilməsində və təhlükəsizliyində mühüm rol oynayır.

“Biz Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edirik. ABŞ Cənub Qaz Dəhlizini qəti şəkildə dəstəkləyir. Cənub Qaz Dəhlizi Avropaya enerji idxalının marşrutlarının və mənbələrinin şaxələndirilməsinə töhfə verir ki, bu da hazırda ABŞ-ın siyasətinin prioritetidir. ABŞ qeyri-Rusiya təbii qazının əlçatanlığını artırmaq üçün Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin yollarını araşdırır", - deyə xanım Donfrid bəyan edib.

O, xatırladıb ki, bir sıra Avropa ölkələri Azərbaycan qazına daha geniş çıxışın təmin edilməsində maraqlı olduqlarını artıq açıq şəkildə ifadə ediblər. Azərbaycanın həmçinin bərpa olunan enerji, xüsusilə külək enerjisi üçün əhəmiyyətli potensialı var və bizim yardımımız buna yönəlib. Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ və Azərbaycan arasında əməkdaşlığın və diversifikasiya üzrə Avropa diplomatiyasının ilk uğuru olub", - deyə Donfrid əlavə edib.

Zirvə toplantısının enerjisi.

Qeyd edim ki, zirvə toplantısının yekunu olaraq imzalanan 5 sənədin içərisində “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” çoxlarının diqqətini çəkən məqama çevrildi.

“Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzin imzaladıqları bu sənəd ətrafında indiyə qədər yeni yeni fikirlər səsləndirilir və görünən budur ki, hələ xeyli zaman gündəmdən düşməyən bir hadisəyə çevriləcək.

R.T.Ərdoğanın təklifləri: İş burasındadır ki, türkmən qazı ətrafında cərəyan edən bu hadisəni hələ zirvə toplantısından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatlar gündəm mövzusuna çevirmişdi.
O, əvvəlcə Türkiyə Türkmənistan təbii qazını Xəzər dənizi vasitəsilə öz ərazisinə çatdırmağa ümid etdiyini söyləmiş, daha sonra türkmən qazının hətta gəmilərlə Xəzərin o tayından bu tayına daşınması məsələsini də qabartmışdı. “Biz bu məsələni sammitdə müzakirə edəcəyik. Ümid edirəm ki, türkmən qazı ölkəmizə Xəzər vasitəsilə çatdırılacaq”, deyə Ərdoğan Türkmənistana səfərindən əvvəl açıqlamışdı. Yəni onun dediklərinin hədəfi ona tuşlanmışdı ki, Türkmənistandan qazı Avropya Rusiya üzərindən də, İran vasitəsi ilə də daşımaq mümkündür, amma bizim istəyimiz onun Xəzər üzərindən Azərbaycana, daha sonra Türkiyəyə çatdırılan marşrutdur.

Ona görə də diqqət üçtərəfli zirvə toplantısının geniş tərkibdə keçirilən görüşündə Türkiyə prezidentinin fikirlərinə yönəlmişdi. Türkiyə lideri çıxışı zamanı tərəfləri enerji sahəsində əməkdaşlığı genişləndirməyə çağırış edib və ardınca bildirib ki, Ankara Türkmənistan qazının Qərb bazarlarına tədarükü ilə bağlı Bakı və Aşqabadla işləməyə hazırdır.

Türkiyə prezidenti xüsusilə vurğulayıb ki, Türkmənistan qazının Qərb bazarlarına tədarükü ilə əlaqədar işlərə başlamağın artıq zamanı yetişib. 

Yəni Türkiyənin enerji məsələsinə yanaşması bu cürdür ki, bir var böyük bazarlara tək tək çıxasan, və uzunmüddətli və çoxpilləli bazarlaşma aparıb kiçik həcmlər satasan, bir də var sənin imkanlarına birlik kimi nəzər yetirsinlər. Axı Avropa kollektiv şəkildə qaz almaq məsələlərini ortaya atırsa, nədən onların ehtiyac duyduğu enerjini tükr dövlətləri kollektiv şəkildə satmasın?        

Mənə elə gəlir ki, zirvə toplantısında Türkiyə liderinin açıqladığı “üç ölkə arasında əməkdaşlığın məqsədi qlobal və regional proseslərdən regional sabitliyə istiqamətlənərək əhalinin rifahl naminə maksimum tam istifadə etməkdir. Dövlətlərin qarşılıqlı əlaqəsi müasir dövrün çağırışları və böhranları fonunda xüsusilə vacibdir” fikri məhz elə bu hədəfə yönəlib.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də zirvə toplantısında çıxış edərkən  hazırda dünyada yeni çağırışlar və təhdidlərin olduğunu vurğulayıb. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşıdığını qeyd edib və ümid etdiyini bildirb ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.

Zirvə toplantısından sonra atılacaq addımlar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına görə, Türkmənistan qazının Avropaya nəqli üçün İşçi qrup yaradılacaq.

“Azərbaycan təbii qazını Cənubi Qaz Dəhlizi, onun əsas hissəsi olan TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupu yaratmaq qərarını verdik. Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”, deyə Çavuşoğlu bəyan edib.

Zirvə toplantısından sonra daha maraqlı fikirləri isə yenə də Türkiyə prezidenti ictimailəşdirib. Səfərdən qayıdan zaman təyyarədə jurnalistlərlə söhbəri zamanı R.T.Ərdoğan bildirib ki, Türkiyənin energetika nazirinə bir ay ərzində Azərbaycan və Türkmənistandan olan həmkarları ilə aparılan müzakirələrin nəticəsi olaraq türkmən qazının Avropaya nəql mexanizmi ortaya qoyulmalıdır. Nəticələr bu mövzunu yenidən müzakirə obyektinə çevirəcək.

“2023-cü ilin əvvəlində Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır. Eyni zamanda, biz Azərbaycan prezidenti ilə bu məsələləri müzakirə edəcəyik. Biz bu addımı tez atacağıq. Ümid edirəm ki, bu məsələyə məhz o zaman nöqtə qoyacağıq və bundan sonra Avropa İttifaqı ilə məsələləri müzakirə edəcəyik", deyə Ərdoğan qeyd edib.
Türkiyədən Transxəzərlə bağlı təklif.  Ərdoğan təklif edib ki, Azərbaycan və Türkmənistan qazın nəqlində maliyyə yükünün bölühməsi üzrə razılığa gəlsələr layihənin irəliləməsi sürətlənə bilər. “Əgər Türkiyə bu prosesin bir hissəsi olarsa, Ankara da xərclərin bir hissəsini öz üzərinə götürəcək. Əgər Avropa İttifaqı işə cəlb olunarsa, Brüssel nümayəndələri də maliyyə məsələsində iştirak etməli olacaqlar", - deyə Türkiyə lideri bəyan edib.

Rəsmi Ankaranın məsələləri tez bir zamanda həll etmək istəyini mən başa düşürəm, çünki “dəmiri isti-isti döyərlər” prinsipindən çıxış edir və Qərb ilə hərtərəfli planla genişmiqyaslı əməkdaşlıq əsasında dialoq etmək niyyətindədir. Bu baxımdan da 2023-cü ilin fevralında İstanbulda Türkiyədə qaz mərkəzinin yaradılmasına dair beynəlxalq konfransda artıq real qaz tədarükçüləri ilə bu qazın potensial alıcılarının ilkin fikir mübadiləsinə start verilməsi proqnoz edilir. 

Məsələlər göründüyü kimi çox ciddidir, ötən əsrin 90-cı illərin ortasından reallaşdırılası düyünə düşən bir layihəni (Transxəzər qaz kəməri) Türkiyə və Azərbaycan, həmçinin Türkmənistan zaman etibarı ilə “bir göz qırpımında” həll etməyə baş vururlar.
Azərbaycanın artan qazı. Avropaya qaz həcmləri ixracını artıran Azərbaycan isə gendəlik işini hasilat artırılmasına yönəldib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, artıq cari ilin 11 ayının yekunlarına görə, ölkədə 31,8 milyard kubmetr əmtəəlik qaz hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 8 faiz artıb. Ötən il isə ümumilikdə 32,57 milyard kubmetr qaz hasil etməyə nail olmuşduq.

Azərbaycanda 2022-ci ilin 11 ayında qaz statistikası (mln. kubmetrlə):

Ümumi qaz        -    42 498        -    +7,1%
Əmtəəlik qaz         -    31 791        -    +8,0%

Energetika nazirliyinin açıqladığı məlumata görə isə, cari ilin yanvar-noyabr aylarında hasil edilən əmtəəlik qazın 72,3%-i, yəni 23 milyard kubmetri cəmi bir yataqdan çıxarılıb. O yataq hazırda həqiqətən yataqlarımızın şahıdır. Söhbət Şahdənizdən gedir. Şahdənizlə bağlı maraqlı bir faktı da qeyd edim. Noyabr ayında hasilatın başlandığı 2006-cı ilin sonundan Şahdənizdən 180 milyardııncı kubmetr qazı hasil etmək mümkün olub. Çıxarılan qazın 126,1 milyard kubmetri xarici bazarlarda satılıb, 54,4 milyar kubmetri isə Azərbaycanın daxili ehtiyaclarının ödənməsinə yönəldilib. Bizim daxili bazarda hazırda istehlak etdiyimiz qazın hər 2 kubmetrindən biri isə Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqlarından çıxan qaz hesabına baş verir. 

İnglisi şirkətinin qaz planları.

Ona görə də bir çoxları “ingilislərə o yataqları niyə verdik, özümüz işlədərdik də” fikrini işlətməzdən əvvəl, Xəzərin  hazırda ən dərin hissələrində, ən dərin qazılmış quyulardan indiyə kimi təhlükəsiz istismar nəticəsində neft və qazı çıxara bilən şirkətləri və onlara rəhbərlik edən bp-ni də düşünün. Elə bp-dən söz düşmüşkən, yəqin çoxlarınız bilmir ki, Azəri-Çıraq-Günəşli neft yataqlarının dərinliklərində həm də məhsuldar qaz layları var.

Təbii qazı deyirəm. Gələn ilin əvvəlində bp və tərəfdaşları o layların məhsuldarlığını qiymətləndirmək üçün qazma işlərinə başlamaq haqda qərar qəbul ediblər. Və qiymətləndirmə məsələlərindən sonra Azərbaycan hökuməti ilə yeni müqavilənin imzalanması gündəmə gələcək. 

Bu da son deyil. bp Şahdəniz qaz kondensat yatağının növbəti mərhələsi üzrə, yəni şərti olaraq “Şahdəniz-3” dediyimiz layihə üzrə laylarda olan qaz həcmlərini dəqiqləşdirmək üçün qiymətləndirmə quyusu qazacaq. O da üzümüzə gələn ilin planındadır. Məqsəd orta perspektivdə bazarlara əlavə nə qədər qazın tədarük edilməsi məsələsinə aydınlıq gətirməkdir. 

Rumıniyaya axacaq Azərbaycan qazı. Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.
Müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

SOCAR-ın açıqladığı məlumatda bildirilir ki, Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir.

Görünən odur ki, Azərbaycanın planlarında təbii qazın xüsusi çəkisi nə qədər artır. Və bütün bunlar Azərbaycanın qaz erasının hələlik başlanğıc planlarıdır...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO