Elman Nəsirov: “Məni tənqid edənlər yatan vaxtı idmanla məşğul oluram”

Elman Nəsirov: “Məni tənqid edənlər yatan vaxtı idmanla məşğul oluram”

Hazırda oxunan: Elman Nəsirov: “Məni tənqid edənlər yatan vaxtı idmanla məşğul oluram”

88307

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisin deputatı Elman Nəsirovun idman zalından sosial şəbəkələrdə paylaşdığı fotosu ciddi reaksiyalara və müzakirələrə səbəb olub.  

Bizim.Media xəbər verir ki, sosial şəbəkə istifadəçiləri millət vəkilinin əzələlərini süni şəkildə şişirtdiyini və protein tərkibli dərmanlardan istifadə etdiyini qeyd ediblər.  
 

MÖVZU İLƏ BAĞLI:

Elman Nəsirov bu şəklindən danışdı - “Fotoşop deyil...” 


Məsələ ilə bağlı Demokrat.az deputat Elman Nəsirovun fikirlərini öyrənib. Millət vəkili açıqlamasında proteindən heç vaxt istifadə etmədiyini vurğulayıb:  

“Bu fotomun sosial şəbəkələrdə belə reaksiya doğuracağını hesablamamışdım. Ümumiyyətlə, idmanı çox sevirəm. İlk dəfə idmanla məşğul olmağa Bakı Dövlət Universitetində oxuyarkən başlamışam. Yəni, o zamanlar trenajor zallarına gedirdim. Son 5 ildə isə üzgüçülüklə məşğul oluram.  

Lakin pandemiyanın olması səbəbindən bir müddət buna ara verdim. Vəziyyət yaxşılaşdıqdan sonra isə həm trenajor, həm də ki, üzgüçülüklə bağlı prosesləri davam etdirməyə başlamışam. Təxminən gün ərzində 2 saat idmanla məşğul oluram.  

​​​​​​​Sosial şəbəkə istifadəçilərinə üzümü tutub demək istəyirəm: bir özləri fikirləşsinlər ki, gün ərzində boş yerə nə qədər vaxtlarını sərf edirlər. Bir onun hesabatını aparsınlar. Görəcəklər ki, saatlarla klaviratura arxasında ona bir söz yazırlar, buna bir söz yazırlar. Onunla, bununla bağlı qanunazidd hərəkətlər edirlər. Yəni, çox dərinə getmək istəmirəm. Ancaq bunun qarşılığında saat yarım vaxt ayırmaq lazımdır.  

Biz deputatlar fəal həyat tərzi keçiririk. Bir sıra tədbirlərimiz olur, seçiçilərimizlə görüşürük və sair. Bəzən fəal həyat tərzinə orqanizm dözmür. İnsan çox yorulur, əzgin olur. Belə olduqda hər zaman idmana vaxt ayırıram. Demək olar ki, səhər tezdən idmanla məşğul oluram.  

Üzgüçülüyə həftədə üç dəfə - səhər, tezdən gedirəm, həmçinin trenajora da həftədə üç dəfə gedirəm. Üzgüçülüyə səhər saat 7-8 arası gedirəm. Yəni, tənqid edən “dostlar”ım yatan vaxtı mən saat yarım idmanla məşğul oluram. Onlar yemək yeyəndə mən artıq idmandan qayıtmış oluram”. 

Millət vəkili sağlam qidalara üstünlük verdiyini bildirib: 

“Milli mətbəximizin yağlı yeməklərinə, kabablarına maksimum iki həftədə bir dəfə icazə verirəm. Günorta saatlarında yağlı yeməklər yeyirəm, ancaq axşam yemirəm. Çünki ondan sonra özümü pis hiss edirəm. Yuxum da qaçır, normal yata da bilmirəm. İçkilərə gəldikdə isə ancaq qazsız su içməyə üstünlük verirəm”. 

Elman Nəsirov bütün gənclərimizi idmanla məşğul olmağa dəvət edib: 

“İdman sağlamlıqdır. İdmanla məşğul olandan sonra insanın sanki ruhu təmizlənir. Sanki insanın potensialı, imkanları genişlənir. İdmanla məşğul olan insanlar həm də təbiətən sakit olurlar. İdman sanki insanı neqativ hərəkətlərdən çəkindirir, insanı mənən tərbiyə edir, özünə güvəncli edir.  

Eyni zamanda, özünə güvəncli olan insanlar inamlı olur, hər bir zaman davadan-dalaşdan uzaq olurlar, onlar sülh tərəfdarı olurlar.  

Ümumiyyətlə, pis adətlərdən, vərdişlərdən uzaq durmaq lazımdır. Çünki  son nəticədə o insanı mənfiyə aparır. Cəmiyyətdə də, ailədə də hörmətsiz edir. Əyyaş həyat tərzi keçirən insanın gələcəyi necə ola bilər? Gənclərə xitabən söyləyirəm ki, mənim kimi siz də idmana gəlin. İdmanla məşğul olun. Bu, həm də sizin fəaliyyətinizdə ciddi nailiyyətlər qazanmağınız üçün çox önəmli məsələdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO