“Onda əsgərlərin niyə depressiyaya düşdüklərini anladım” - Cərrah Mirəli Məcidov 

Hazırda oxunan: “Onda əsgərlərin niyə depressiyaya düşdüklərini anladım” - Cərrah Mirəli Məcidov 

7479

“Deyirdilər ki, “qısasımızı sona kimi ala bilmədik, döyüş yoldaşlarımızı yalnız buraxdıq”. Şokda idim ki, bu ağrıya necə dözürlər? Hamısı Mübariz İbrahimov, Polad Həşimov idi. İnanın ki, mən indiyə kimi belə igid əsgər, zabit görməmişdim”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək-damar şöbəsinin müdiri, cərrah Mirəli Məcidov deyib.

Vətən müharibəsində gecə-gündüz çalışan Mirəli Məcidov bizimlə öz müharibə təəsuratlarını bölüşüb:

- Gəlin, yenidən Vətən müharibəsinin ilk günlərini xatırlayaq. Yaralı sayı çox idi?
 

- Bəli. İlk həftədə demək olar ki, hər gün Gəncə Beynəlxalq Xəstəxanasına 50-100 nəfərə yaxın yaralı gətirilirdi. 24 saat əməliyyatxanada olurduq. Hərbiçilərin I Qarabağ müharibəsində aldıqları yaraları ilə II Qarabağ savaşındakı zədələr tamamilə fərqli idi. İndiki müharibədə güllə yarası demək olar ki, yox idi.


Bundan başqa onu da deyim ki, 44 günlük müharibədə mən tək deyildim. Gəncə Beynəlxalq Xəstəxanasının  baş direktoru Famil Mustafayev, xəstəxanın baş həkimi İlkin İsmayılov, Bakıdan bizə dəstəyə gələn Tədris Cərrahiyə Klinikasının travmatologiya  kafedrasının müdiri Cəfər Nəsirli, travmatoloq Aslan və Fuad  həkim, ümumi cərrah Elçin Ağayev, üz çənə cərrahı Məhəmməd Davudov, plastik və rekonstruktiv cərrah Adil Cümşüdov , uşaq cərrahı Murad həkim və GBX-nın bütün kollketivi bizimlə çiyin-çiyinə çalışdılar.

Təxminən 300-400 nəfərdən çox hərbi qulluqçuların üzərində cərrahi əməliyyatlar apardıq. Yalnız iki-üç xəstədə güllə yarasına rast gəldik. Əsgərlərimiz əsasən mərmi-qəlpə yarası almışdırlar, bədənlərinin müxtəlif nahiyyələri zərər görmüşdü. Biz tibbdə qəlpə mərmi-yarasına multitravma deyirik. Elə hərbiçimiz var ki, qəlpə parçaları baş nahiyyəsinə, döş qəfəsinə və qarın boşluğuna zərər vermişdi. Biz bu savaşda çox qorxunc yaralar gördük.  

- Əsgərlərimizin əhval-ruhiyyəsi necə idi?

- Psixoloji olaraq depressiyaya düşmüşdülər. Bunun da səbəbi tez yaralanaraq hospitala düşməkləri idi. Əksəriyyəti yemək yemirdi, ancaq siqaret çəkirdi. Bizlə çox ünsiyyətə girmirdilər, özlərini qınayırdılar ki, niyə tez yaralanıblar? Onların depressiyaya düşməsi biz həkimləri də üzürdü. Psixatr həkim dostlarımız sağ olsunlar ki, belə vəziyyətdə kömək oldular, uyğun məsləhət verdilər.
 

Hərbiçilər 30 ildir ki, Vətən müharibəsini gözləyirdilər. Deyirdilər ki, “qısasımızı sona kimi ala bilmədik, döyüş yoldaşlarımızı yalnız buraxdıq”. Şokda idim ki, bu ağrıya necə dözürlər? Hamısı Mübariz İbrahimov, Polad Həşimov idi. İnanın ki, mən indiyə kimi belə igid əsgər, zabit görməmişdim. Sizə bir söz deyim, əsgərlərlə yanaşı mənim özümün də üzüldüyüm bir hadisə oldu. Bir qrup həkim heyyəti koronavirus infeksiyasına yoluxduq.


Xəstələrimizi yarımçıq tərk etməyim məni çox üzdü. Onda əsgərlərin niyə depressiyaya düşdüklərini anladım. Ümümiyyətlə, müharibənin yaşatdığı travmalar uzun illər insanla bərabər yaşayır, bir iz buraxır. Mənim saçlarım tez ağardı, yuxum pozuldu. İndi də onları unuda bilmirəm.

- Ən çox hansı yaralılarınızı xatırlayırsız?  

- Müharibənin başlamasından 10 gün keçmişdi ki, düşmən Gəncəni hədəf almağa başladı. Hədəfdə həm Gəncə Hospitalı, həm də ətrafında yerləşən Abbas Səhhət xəstəxanası var idi. Onlar burada yaralıların çox olduğunu bilirdilər. Ona görə də bizi tez-tez hədəf seçirdilər. Gəncə terrorunda əsgərlərlə yanaşı mülki vətəndaşlara da yardımlar edirdik.

Terror hadisəsində təxminən 28-29 yaşlı gənc xanım yaralanmışdı. Mən bu xanımı görəndə şoka düşdüm. Üzü elə bir hala düşmüşdü ki, danışılası deyil, gözləri də çıxmışdı. Üzü əməliyyat olundu, lakin gözlərini bərpa etmək olmadı. Bu xanımı heç vaxt unuda bilmirəm. Bir də gənc xanım və 5-6 yaşlı oğlan uşağı gicgahından yaralanmışdı. O uşağın da məzlum baxışlarını unutmaq olmur.

- Hərbidə həkim kimi ilk dəfə idi ki, fəaliyyət göstərirdiniz?

- Bəli. Tibb Universitetinə daxil olanda 16 yaşım var idi. Bu da 1993-cü ilə təsadüf edirdi. Könüllü olaraq həkimlərə kömək üçün gedərdim. O zaman çox bilgim yox idi. Mən təhsilimi Türkiyənin Ege Universitetində davam etdirmişəm. Bizlərin yetişməsində əməyə olan uzmanlara təşəkkür edirəm.

Öyrətdikləri təcrübələrini 44 günlük müharibədə istifadə etdik. Eyni zamanda çox unikal əməliyyatların aparılmasında türk hocalarımızın da köməyi olub. Təxminən 8-9 ilə yaxın müddətdə Türkiyədə çalışmışam. Müharibədə damar yaralanması üstünlük təşkil edirdi. Damarların bərpa edilməsi ən önəmli əməliyyatlardan biridir. Mən də çalışdığım müddətdə belə uğurlu əməliyyat etməyin sirlərini öyrənmişəm.

Təxminən 300-400 əsgər üzərində əməliyyat apardıq. Bir nəfərin belə bədəninin ətraf nahiyyələri amputasiya olunmadı. Biz onları qoruya bildik. Bu, çox önəmli bir göstərici idi. Ölüm faizi çox aşağı oldu. Biz əməliyyata girən yaralıları qoruya bildik, amma təəssüf ki, 40-dan çox tibb işçilərimizin və həkimlərimizin həyatını qurtara bilmədik. Onlar yaralı əsgərləri döyüş meydanından çıxararkən şəhid oldular. Qoy Tanrı hamısının ruhunu şad eləsin. Qazilərimizə də şəfa diləyirəm. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO