Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Sənan Nəsirlinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İş materiallarına görə, hadisə 2026-cı ildə saat 13:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş verib.
Belə ki, Sənan Nəsirli xınayaxdı mərasimlərinin təşkili üçün zərərçəkmiş Dürdanə Kərimova (adı, soyadı şərtidir) ilə birlikdə dekor işləri gördüyündən onun evində olub. Həmin vaxt evdə heç kimin olmamasından istifadə edən şəxs qonaq otağındakı dolabın siyirməsindən zərərçəkmişə məxsus, 1 400 manat dəyərində “Rolex” markalı qol saatını götürüb.
Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını gizli şəkildə ələ keçirərək oğurluq edib.
Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan olunub.
Məhkəmə iclasında ifadə verən Sənan Nəsirli elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyib.
O deyib ki, oğurladığı saatı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən lombarda apararaq şəxsiyyət vəsiqəsini təqdim etməklə 550 manata satıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, əldə etdiyi pulun 350 manatına “iPhone 12” markalı mobil telefon alıb. Daha sonra tanışları ilə birlikdə metronun “Əcəmi” stansiyasının yaxınlığında yerləşən, adını xatırlamadığı restorana gedərək yemək yeyib və içki qəbul edib. Restoranda 120 manat hesab ödəyib, qalan 80 manatı isə şəxsi ehtiyaclarına xərcləyib.
O, zərərçəkmiş şəxsin evinə maneəsiz şəkildə, mütəmadi olaraq və həmin şəxsin razılığı ilə daxil olub-çıxdığını da bildirib.
Sənan Nəsirli məhkəmədə Dürdanə Kərimova ilə barışdıqlarını, dəymiş ziyanı ödədiyini və törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirib. O, bu halların nəzərə alınmasını xahiş edərək məhkəmədən barəsində qərar qəbul olunmasını istəyib. (Pravda.az)
Bizim.Media

































































































