Aqrar Subsidiya Şurasının qərarına əsasən, yerli toxumçuluğun inkişafının dəstəklənməsi və fermerlərin sertifikatlı toxumdan istifadəyə təşviq edilməsi məqsədilə yeni subsidiya mexanizmləri tətbiq olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən (AXA) Bizim.Media-ya verilən məlumata görə, 2026-2027-ci il əkin mövsümündən etibarən buğda və arpa əkinlərində sertifikatlı toxumdan istifadə tələbinə əməl edilməsi subsidiya ödənişlərinə birbaşa təsir edəcək.
Yeni qaydalara əsasən, sertifikatlı toxumdan istifadə tələbinin tətbiq olunduğu minimum əkin sahəsi 5 hektara endirilib. Belə ki, 2026–2027-ci il əkin mövsümündə müvafiq tələbə əməl etməyərək sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödəniləcək əkin subsidiyasının məbləği 50 faiz azaldılacaq. 2027–2028-ci il əkin mövsümündən etibarən isə sertifikatlı toxumdan istifadə etməyən müvafiq fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu məqsədlə fermerlərin sertifikatlı toxum əldə etməsini asanlaşdırmaq üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən toxum istehsalçıları haqqında məlumat bazası yaradılıb.
AXA fermerləri əkin sahələrinin ölçüsünü, toxum seçimini və subsidiya şərtlərini əvvəlcədən nəzərə almağa, buğda və arpa əkinlərində sertifikatlı toxumdan istifadə tələblərinə ciddi əməl etməyə çağırır. Fermerlər əkin planlarını yeni qaydalara uyğun qurmalı, toxum alarkən onun sertifikatlı olmasına diqqət yetirməlidir.
Yeni yanaşmanın əsas məqsədi ölkədə keyfiyyətli və sertifikatlı toxum istehsalının genişləndirilməsi, yerli toxumçuluğun stimullaşdırılması, eləcə də fermerlərin məhsuldar və keyfiyyət göstəriciləri yüksək olan toxumlardan istifadəyə təşviq edilməsidir.
Bu addımın sertifikatlı toxuma tələbatın artmasına, yerli toxum istehsalının genişlənməsinə və əkinçilikdə daha keyfiyyətli toxum materiallarından istifadənin təşviqinə xidmət etməsi nəzərdə tutulur.
Şəfiqə Şəfa, Bizim.Media
































































































