Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

Hazırda oxunan: Bakıya ətraf ərazilərdən gələn sərnişinlər pulsuz daşınacaq? – Yeni təklif GÜNDƏMDƏ

643264

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanması üçün idi. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir.

Bəs, nə etməli?

Meqapolislərdə tıxacların aradan qaldırılması üçün müxtəlif nümunələr var. Məsələn, ABŞ-ın paytaxtı Vaşinqtonda ətraf ərazilərdən paytaxta avtomobil axınını azaltmaq üçün maraqlı layihə icra olunur. Belə ki, ətraf ərazidən paytaxtın ən yaxın metrosuna qədər sərnişinlər pulsuz daşınır. Bu hesaba da əhali ictimai nəqliyyata daha çox üstünlük verilir. Bu səbəbdən də Vaşinqtonda uzun tıxaclara rast gəlinmir.

Bundan başqa Baltikyanı ölkələrin bir çoxunda və hətta Almaniyanın bəzi ərazilərində ictimai nəqliyyat pulsuzdur. Avropalılar bunu təkcə tıxaca görə yox, həm də ekoloji tarazlığı bərpa etmək üçün edir.

Görünən odur ki, bu layihələr kifayət qədər səmərəlidir və tıxacların qarşısını böyük ölçüdə alır.

Bu layihənin ölkəmizdə tətbiqi çox gözəl nəticə verə bilər.

Tutaq ki, hər il şəhərətrafından daşımalara dövlət 40-50 milyon manat dotasiya ayırır. Əvəzində paytaxta hərəkət intensivliyi təmin olunur, özəl və dövlət sektoru yüz milyonlarla gəlir əldə edir.

Nəzərə alaq ki, əsas iş yerləri və ali təhsil müəssislələri Bakıda olduğu üçün ətraf ərazilərdən paytaxta hər gün yüzminlərlə insan axın edir.

Bu insanların çoxu da işə və yaxud ali məktəbə şəxsi avtomobilləri ilə gəlirlər. Rəsmi statistikaya görə sutka ərzində paytaxta 300 mindən artıq avtomobil daxil olur. Təkcə Sumqayıtdan gün ərzində Bakıya 100 mindən artıq avtomobil gəlir.

Bakı şəhərində isə 780 min avtomobil rəsmi qeydiyyatdadır. Bu da o deməkdir ki, gün ərzində paytaxt küçələrində 1 milyondan artıq avtomobil hərəkət edir. Bu da təbii ki, uzun tıxaclara səbəb olur.

Bundan başqa hər gün 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən yarısı - 300 mini avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.

Bu da paytaxta hərəkət intensivliyini əngəlləyir.

Əgər ətraf ərazilərdən paytaxta insanlar ən yaxın metroya qədər pulsuz və bir qədər ucuz qiymətə daşınsa, əminliklə demək olar ki, paytaxta avtomobil sayı ən azı 50-60 faiz azalmış olar.

Amma reallıq odur ki, şəhərdaxili daşımaların qiyməti bu gün şəhərətrafı daşımalardan xeyli ucuzdur. Belə qiymət siyasəti ilə təbii ki, ictimai nəqliyyatı təşviq etmək mümkün deyil.

Üstəlik, Sumqayıt istisna olmaqla Bakı ətrafına işləyən avtobusların əksəriyyəti istismar müddəti başa çatmış maşınlardır. Bu faktor da ictimai nəqliyyata marağı azaldır.

Paytaxtda ictimai nəqliyyatın əlçatan olması və məmnunluq doğurması üçün bütün yollarda avtobus zolaqlarının olması çox vacibdir. Reallıq onu göstərir ki, avtobus zolağı olan yollarda avtobuslar kifayət qədər sürətlə hərəkət edir. Və sərnişinlər həmin avtobuslardan daha çox istifadə edirlər.

Avtobus zolağının paytaxtın giriş yollarında yaradılması çox vacibdir.

Hazırda Bakıya Sumqayıt istiqamətindən gələn yollarda avtobus zolağı var. Bu da öz töhfəsini verir. Bu bir faktdır ki, pik saatlarında avtomobilə Sumqayıtdan Bakıya və yaxud əks istiqamətdə hərəkət edərkən mənzil başına ən tezi 2 saata çatırsan. Avtobusla isə cəmi 35-40 dəqiqəyə mənzil başında olursan. Ona görə də son günlər Sumqayıt sakinləri ictimai nəqliyyata daha çox üstünlük verirlər.

Təəssüf ki, bir çox kənar qəsəbələrdən şəhərə gələn yollarda avtobus zolaqları hələ ki, yoxdur. Bu da ictimai nəqliyyatın intensivliyini əngəlləyir.

Görünən odur ki, iş qrafikinin dəyişdirilməsi o qədər də effektiv olmadı. Əksinə əvvəllər tıxac pik saatlarında olurdusa, indi bütün gün ərzində tıxaclar olur.

Ona görə də məsələyə daha praqmatik və dünya təcrübəsindən çıxış edərək baxmaq lazımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO