“Biz tədricən iş saatları ərzində səmərəliliyi artırmaqla iş gününün müddətinin azaldılması istiqamətində düşünməliyik. Bu gün bir çox iş yerlərində əsas diqqət işçinin saat neçədə gəlib, neçədə getməsinə yönəlir. Halbuki əsas məsələ işçinin gün ərzində hansı nəticəni əldə etməsidir. Səkkiz saat iş yerində olmaq həmin səkkiz saatın hamısında eyni məhsuldarlıqla işləmək demək deyil”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, elə iş sistemi qurmalıyıq ki, insan işini daha səmərəli təşkil etməklə nəticəsini qısa müddətdə əldə edə bilsin:
"Məsələn, işin xarakteri imkan verirsə, işçi bir-iki saat tez gəlib, bir-iki saat tez çıxa bilsin. Hər kəsin eyni vaxtda işə gəlib eyni vaxtda çıxmasını bütün sahələr üçün dəyişməz qayda kimi qəbul etməməliyik. Məqsədimiz işin keyfiyyətini və nəticəsini aşağı salmadan insanlara daha çox vaxt qazandırmaqdır. İnsan yalnız işləmək üçün yaşamır. Onun ailəsi, övladları, şəxsi maraqları, istirahəti də var. İşlə şəxsi həyat arasında sağlam tarazlığın yaradılması həm insanın rifahı, həm də əmək məhsuldarlığı baxımından əhəmiyyətlidir.
Əlbəttə, bu yanaşma bütün sahələrdə eyni qaydada tətbiq edilə bilməz. Elə işlər var ki, fasiləsiz xidmət və konkret iş saatları tələb edir. Ancaq uyğun sahələrdə daha çevik iş rejiminə keçidi, nəticəyə əsaslanan qiymətləndirməni və iş vaxtından səmərəli istifadəni təşviq etməliyik".
Günay Şahmar, Bizim.Media

























































































