Zəfər ərəfəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz bir daha dərin ehtiramla yad edilir. Həmin igidlərdən biri də İkinci Qarabağ müharibəsi qazisi, 2-ci qrup əlil Axundov Misir Hilal oğludur. Döyüş meydanında ölümün gözünə dik baxan, şəhid adını alıb morqa qaldırılan, lakin möcüzə nəticəsində həyata qayıdan 19 yaşlı qazimizin döyüş və həyat hekayəsini təqdim edirik.
Morqdan başlanan möcüzə
Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin top atəşi nəticəsində başından ağır yaralanan Misir Axundov bir gün neytral ərazidə qalıb. Hərbi hissə komandirinin səyi nəticəsində neytral ərazidən çıxarılan Misir təcili tibbi yardım avtomobili ilə Füzulinin Əhmədbəyli kəndində yerləşən morqa təhvil verilir. Tanınmaz halda olduğuna və ilkin olaraq həyat əlaməti müşahidə edilmədiyi üçün ona "naməlum" statusu verilir.
Morqda 3 gün qaldıqdan sonra, oğlunu axtaran ata ora gəlir. Həmin an Misirdə baş verən ani refleks nəticəsində onun sağ olduğu bilinir və dərhal vertolyotla Mərkəzi Gömrük Hospitalına çatdırılır.
Uzun sürən ağır əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Misir Axundov 17 gün komada qalır. Gözünü açanda otaqda rus dilində danışan iki nəfəri görərkən əsir düşdüyünü zənn edir.
Həmin vaxt xəstəxana işçisi Hicran xanım yaxınlaşaraq alnını sığallayır və qorxmaması lazım olduğunu bildirir. Qazi əsir düşdüyünü zənn etsə də, otaqdakı işçilərdən birinin telefonuna baxdıqda ekranda "Bakı, hava temperaturu, cümə günü" yazılarını görür. Məhz həmin an Azərbaycanda olduğunu anlayaraq dərindən rahatlıq tapır.
Müzəffər Azərbaycan Ordusunun igid əsgəri göstərdiyi şücaətə görə Ali Baş Komandanın sərəncamları ilə "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Bu gün doğma Tərtər rayonunda yaşayışını davam etdirən Misir Axundov qürurlu ömür yolu ilə hər birimiz üçün əsl mərdlik və vətənpərvərlik nümunəsidir.





Ayşəm Rüstəmli, Bizim.Media


























































































