Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərarın cəmiyyətdə kəskin reaksiyalara səbəb olması məsələnin yalnız geyim qaydaları çərçivəsində deyil, həm də dini həssaslıqlar və ictimai-siyasi proseslər kontekstində müzakirəsini yenidən gündəmə gətirib. Xüsusilə hicab məsələsinin ön plana çəkilməsi, xaricdən yönələn informasiya təsirləri, ictimai rəyə təsir göstərmək cəhdləri və ayrı-ayrı dairələr tərəfindən səsləndirilən radikal çağırışlar narahatlıq doğurur. Bu azmış kimi təhsil müəssisələrinin hər hansı qarşıdurmanın mərkəzinə çevrilməsi, dərs prosesinin pozulması və məktəb əmlakına zərər vurulması məsuliyyət məsələsinin diqqətdə saxlanılmasını vacib edir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Cəbi Bəhramovun sözlərinə görə hicab Azərbaycanın milli geyimlərinə aid deyil və məsələnin bu şəkildə qaldırılmasının arxasında siyasi məqsədlər dayanır:
“67 məsciddən 65-i dağıdılanda niyə dillənmirdiz?”
“Biz dünyəvi, hüquqi və demokratik bir dövlətik. Dövlətin isə qanunu hamı üçün eynidir. Hicab və ya baş örtüyündən istifadə edən adamlara sualım var. Bu geyimin kökü haradan gəlir, bilirsizmi? Məgər bu, bizim milli geyilərimizə aiddir? Gedərsən evdə nə istiyərsən edərsən. Amma dünyəvi, hüquqi və demokratik dövlətin qəbul etdiyi qanunlara onun təhsil müəssisəsində riayət etməlisən. Hələ Qum şəhərindən gələn İran ruhanilərinin bəyanatlarına baxın. Xeyir ola? Sizin qarnınıza hansı sancı dolub? 30 il Azərbaycan torpaqları işğal altında olanda, 67 məsciddən 65-i dağıdılanda niyə dillənmirdiz? 100-dən çox İran şirkəti, o cümlədən içəridə olan Cənubi azərbaycanlılar Qarabağın talan edilməsində iştirak ediblər. Hansı insan hüquqlarından danışırsız? Azərbaycan çoxmillətli dövlətdir, dini məsələrdə tam tolerantlıqdı. Burada 3 dini nümayəndə bir-biri ilə sıx əməkdaşlıq edir”.
“Məgər Xurşudbanu Natəvan hicab taxırdı?”
Cəbi Bəhramov qeyd edib ki, Azərbaycanın getdikcə güclənməsi, dünya miqyasında reytinqinin artması və bir çox sayda ölkələrlə əməkdaşlığa can atması qonşu dövlətlərin, xüsusilə İranın boğazında çöp kimi ilişib qalıb:
“Bunlar Azərbaycanın güclənməsini qəbul edə bilmirlər. Hər addımda biz bunu görürük. Hələ bunların tarixdən xəbəri yoxdu. 14 əsrdir ki, Azərbaycan İslam sivilizasiyasının bir üzvü kimi mövcuddu. Hicab deyilən bir anlayış bu dövrlərin heç birində yoxdur. Yalnız 1991-ci ildən sonra bəzi qonşu ölkələrdən, çox təssüf ki, Türkiyədən Azərbaycana müdaxilə olundu. Hicab katolikdən, xristianlıqdan gəlir. VII əsrin ikinci yarısı, VIII əsrin əvvəlində silahla hakimiyyəti ərəblər ələ alandan sonra bilavasitə İslam dininin əsas prinsiplərini tətbiq ediblər.
H. Z. Tağıyev 1904-cü idə Qızlar məktəbini açanda orada qızların geyindiyi formanı sonradan Sovet höküməti bütün SSRİ məkanda tətbiq etməyə başladı. Ağ önlük və tünd şabalıd rəngində forma libas vardı. Orada məgər baş örtüyü vardı? İnsanlıq nümunəsi olan Tağıyev bəyəm bu məsələləri bilmirdi? Bu, sadəcə İranın əlində əsir olan xürafat daşıyıcılarının həyəcanıdır. Qadın Azərbaycanda azad olmalıdır. Məgər Xurşudbanu Natəvan, yaxud ziyalılarımızn həyat yoldaşları hicab taxırdı? Qafqaza səyahət eləmişdi, orada oturanda hicabda idi? Bütün bunlar savadsızlıqdı və siyasi məqsədlər üçün istifadə edilir, çünki Azərbaycan qüdrətli bir dövlətə çevrilib”.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:18 / 13.10.2026
Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”
Hazırda oxunan: Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”
Hazırda oxunan: Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”
641987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































