Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur.
“Uyğunlaşma həftəsi” çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasına dəstək olmaqdır. Azərbaycanda isə 15 sentyabrda sinif otağında valideynlərin iştirakına 1 saatlıq icazə verildiyi deyilir. İddialara görə, bu da sadəcə ağlayan, ana-atasını istəyən uşaqlara şamil edilir.
Türkiyənin bu modeli ölkəmizdə tətbiq oluna bilər?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayevin sözlərinə görə uşağın məktəbə ilk gedişi həm onun, həm də valideyn üçün kifayət qədər ciddi bir mərhələdir:
“Ona görə də bu prosesə yalnız “uşaq ağlayır, ya ağlamır” prizmasından yanaşmayaq. Türkiyədə tətbiq olunan “Uyğunlaşma həftəsi” ilə bağlı təşəbbüs maraqlı yanaşmadır. Valideynə müəyyən müddət işdən icazə verilməsi uşağın ilk günlərdə yanında olmağa və onun yeni mühitə daha rahat alışmasına imkan yaradır. Azərbaycanda isə hazırda valideynlər üçün belə imkan kifayət qədər məhduddur. Düşünürəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Ən azı məktəbə yeni başlayan uşaqların valideynləri üçün ilk həftə ərzində müəyyən müddət işdən icazə verilməsi müzakirəyə çıxarıla bilər”.
Deputat bildirib ki, burada söhbət valideynlərə əlavə imtiyaz yaratmaqdan getmir:
“Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir. Çünki bəzi uşaqlar öz narahatlığını ağlamaqla göstərir, bəziləri isə bunu ümumiyyətlə büruzə vermir. Türkiyə modelini olduğu kimi Azərbaycana gətirmək şərt deyil. Amma həmin təcrübədən yararlanaraq bizim şəraitə uyğun bir mexanizm hazırlamaq mümkündür. Əsas prinsip belə olmalıdır ki, uşağın məktəbə uyğunlaşması üçün ailəyə dəstək verilməlidir və bu, yalnız bir gün, bir saatla məhdudlaşmamalıdır”.
Bizim.Media




































































































