Bakıda binaların fasadları güclü küləyə davamlıdırmı? – Memardan AÇIQLAMA

Bakıda binaların fasadları güclü küləyə davamlıdırmı? – Memardan AÇIQLAMA

Hazırda oxunan: Bakıda binaların fasadları güclü küləyə davamlıdırmı? – Memardan AÇIQLAMA

635477

Dünən güclü külək Bakıda bəzi binaların fasad və xarici konstruksiyalarının qopmasına səbəb olub. Xırdalanda isə çoxmərtəbəli binanın eyvanından qopan şüşə küçədən keçən qadının başına düşərək ona xəsarət yetirib. Bu kimi hadisələr sosial şəbəkə istifadəçiləri arasında müzakirəyə çevrilib və güclü külək zamanı binaların fasadlarının və digər xarici elementlərinin nə dərəcədə təhlükəsiz və dayanıqlı olması barədə narahatlıq yaradıb.

Bəs şəhərdəki binalar güclü küləyə qarşı nə dərəcədə davamlıdır?

Memar Aysel Hüseynova Bizim.Media-ya açıqlamasında bildirir ki, yalnız belə hadisələrə əsaslanaraq bütün binaların külək yükünə davamlılığında problem olduğunu demək düzgün olmaz.

Burada əsas məsələ binanın layihələndirilməsi, fasad sisteminin seçilməsi, onun bərkidilmə texnologiyası və istismar müddətində texniki vəziyyətidir:

“Fasadın qopması heç də həmişə binanın daşıyıcı konstruksiyasının zəif olması demək deyil. Çünki fasad elementləri çox vaxt daşıyıcı sistemdən ayrıca işləyən qoruyucu konstruksiyalardır. Lakin onların bərkidilməsinin zəifləməsi insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Binanın dayanıqlılığında küləyin sürəti ilə yanaşı, binanın hündürlüyü, yerləşdiyi ərazi, binanın forması, fasadın küləyə münasibəti və küləyin yaratdığı təzyiq və sorulma qüvvələri nəzərə alınır. Məsələn, Bakı üçün yüksək binaların layihələndirilməsində baza külək sürəti 31 m/s kimi qəbul edilə bilər. Bu, təxminən 112 km/saatdır. Amma bu rəqəmi fasadın məhz 31 m/s küləkdə təhlükəsiz qalacağı kimi başa düşmək olmaz”.

A.Hüseynovanın fikrincə, əsas məsələ mövcud binaların fasadlarının vaxtaşırı texniki müayinəsinin aparılmasıdır. Onun sözlərinə görə, xüsusilə köhnə binalarda fasad elementlərinin bərkidilmələri, ankerlər, şüşə və çərçivə sistemləri, çatlar, deformasiya və korroziya əlamətləri yoxlanılmalıdır.

Künc hissələri və yuxarı mərtəbələr isə küləyin təsirinə daha çox məruz qaldığı üçün xüsusi diqqət tələb edir.

Memar qeyd edir ki, belə hadisələrdən sonra yalnız qopmuş fasadı bərpa etmək yox, həmin fasad sisteminin niyə sıradan çıxdığını müəyyənləşdirmək daha vacibdir. Çünki məqsəd nəticəni aradan qaldırmaq deyil, səbəbi müəyyən edib eyni problemin digər binalarda təkrarlanmasının qarşısını almaqdır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO