Şuşaya səfər edən bəzi şəxslərin qayaların və daşların üzərinə müxtəlif adlar yazması ilə bağlı yayılan görüntülər biz itkin-şəhid ailələrində ciddi narahatlıq doğurur.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.
Azərbaycanın müxtəlif şəhər və rayonlarında şəhidlərin xatirəsinə ucaldılmış çoxsaylı abidələr, memorial komplekslər, parklar və xiyabanlar mövcud olduğunu bildirən K. Behbudova şəhidlərin ruhuna hörmət etmək istəyən hər kəsi ilk növbədə onun uğrunda can verdiyi Vətənin daşına, tarixinə, təbiətinə və mədəni irsinə hörmət etməyə çağırıb.
“İctimai və ya şəxsi əmlaka, tarixi və mədəniyyət obyektlərinə, şəhər infrastrukturuna zərər vurulması adi davranış kimi qəbul edilməməlidir. Xüsusilə Şuşa kimi tarixi şəhərdə belə hərəkətlər yolverilməzdir. Hər bir daş, hər bir divar, hər bir tarixi məkan xalqımızın yaddaşının bir parçasıdır və onu qorumaq hər birimizin vətəndaşlıq borcudur",- deyə QHT sədri deyib.


Bizim.Media





































































































