Şuşanın əsrarəngiz təbiətini, qədim tarixini və özünəməxsus memarlığını qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Şuşa işğaldan azad edilərkən şəhərin tarixi-mədəni irsinə zərər dəyməməsi üçün ordumuzun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, artilleriya hücumlarından mümkün qədər çəkinməsi və daha çox fərdi döyüş üsullarından istifadə etməsi Şuşanın Azərbaycan üçün mədəni və tarixi əhəmiyyətini göstərən mühüm məqamlardandır.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, bu gün Şuşada qayaların, daşların və divarların üzərinə müxtəlif adların yazılması şəhərin mədəni irsinin, memarlığının və tarixinin qorunması baxımından qəbuledilməzdir.
Əgər belə hallara vaxtında müdaxilə edilməsə və insanların qayaların, daşların, divarların üzərinə müxtəlif yazılar yazmasına göz yumulsa, bu, müəyyən müddətdən sonra qarşısıalınmaz prosesə çevrilə bilər.
Siyasi şərhçinin sözlərinə görə, belə bir vəziyyətdə ayrı-ayrı şəxslər tərəfindən reklam xarakterli yazıların, eləcə də məqsədəuyğun olmayan digər ifadələrin tarixi məkanlara həkk edilməsi halları arta bilər. Bu baxımdan məsələyə yalnız sadə bir yazı kimi yanaşmaq düzgün deyil, çünki söhbət şəhərin bütövlükdə qorunmalı olan tarixi-mədəni simasından gedir.
“Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi hadisəsini də bu baxımdan son nümunələrdən biridir. Kino Mərkəzi mədəni-tarixi və memarlıq baxımından əhəmiyyətli abidələrdəndir və onun fasadının korlanması nə hüquqi, nə də mənəvi baxımdan qəbuledilməzdir.
Şuşa isə bütövlükdə Azərbaycanın mədəni-tarixi və memarlıq məkanıdır. Şəhərin hər küçəsi, hər döngəsi, hər daşı, hər qayası özündə bir tarix saxlayır. Buna görə də Şuşada qayaların, daşların və divarların üzərinə müxtəlif yazıların həkk edilməsi tarixi memarlıq irsinə zərər vurmaq deməkdir”, – deyə siyasi şərhçi vurğulayıb.
O bildirib ki, hazırda ayrı-ayrı yazılara göz yumulması gələcəkdə problemin daha geniş miqyas almasına səbəb ola bilər.
Bu səbəbdən belə halların ilkin mərhələdə qarşısının alınması, Şuşanın tarixi-memarlıq simasının və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi vacibdir.
Asif Nərimanlı sonda qeyd edib ki, Şuşanın qorunması yalnız dövlət qurumlarının deyil, şəhəri ziyarət edən hər bir şəxsin məsuliyyətidir. Şəhərin təbiətinə, memarlıq abidələrinə, daşlarına və qayalarına münasibət onun gələcək nəsillərə hansı formada ötürüləcəyini müəyyən edən əsas amillərdən biridir.


Bizim.Media





































































































