"Nəriman Nərimanov" və “Elmlər Akademiyası” metro stansiyaları arasında hərəkət edən marşrut xətlərinin azlığı sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlər Bizim.Media-ya bildiriblər ki, Nəriman Nərimanov metrostansiyasından Yasamal parkı istiqamətində yalnız 17 nömrəli marşrut avtobusu fəaliyyət göstərir.
Onların sözlərinə görə, həmin avtobusların sayı az, hərəkət intervalı isə çoxdur. Bu da insanların dayanacaqlarda uzun müddət gözləməsinə və avtobusda sıxlığa səbəb olur.
Xüsusilə Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin ayrılmasından sonra Nərimanov–Elmlər istiqamətində avtobuslara tələbat daha da artıb. Sərnişinlər bu istiqamətdə yeni marşrut xətlərinin yaradılmasını istəyirlər.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən istiqamətlərdə yeni marşrut xətlərinin istifadəyə verilməsi planlaşdırılmır:
"Metro xətlərinin ayrılması ilə əlaqədar 28 müntəzəm marşrut xəttində gücləndirmə aparılıb və avtobusların sayı artırırlıb. Onların arasında 17 nömrəli avtobus da var".
Qeyd edək ki, hazırda "Nəriman Nərimanov" və “Elmlər Akademiyası” metro stansiyaları arasında ekspres marşrut avtobusları fəaliyyət göstərmir.
Xədicə Paşayeva, Bizim.Media





































































































