Sabah DİM IX və XI siniflərə imtahan keçirəcək: Qəbul imkanları məhdudlaşıb

Sabah DİM IX və XI siniflərə imtahan keçirəcək: Qəbul imkanları məhdudlaşıb

Hazırda oxunan: Sabah DİM IX və XI siniflərə imtahan keçirəcək: Qəbul imkanları məhdudlaşıb

634983

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.

Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak
edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, “modern.az”a açıqlamasında təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli qeyd edib ki, sentyabrın 6-da üzrlü səbəbdən əvvəlki buraxılış imtahanlarında iştirak edə bilməyən IX və XI sinif şagirdləri üçün əlavə buraxılış imtahanı keçiriləcək.

Lakin XI sinif məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesinin əsas mərhələləri artıq başa çatdığından, bu imtahanın onların cari il üzrə qəbul imkanlarına təsiri məhduddur.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin əlavə imtahan keçirməsi müsbət addım olsa da, proses daha erkən təşkil edilə bilərdi.

“11-ci siniflər üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbulun əsas mərhələləri artıq yekunlaşıb. Bu baxımdan, üzrlü səbəbdən vaxtında buraxılış imtahanında iştirak edə bilməyənlər üçün imtahanın indi keçirilməsi bir qədər gecikmiş addımdır”, - ekspert bildirib.

M.Məmmədli qeyd edib ki, belə şəxslər arasında xəstəlik, ailədə baş verən xoşagəlməz hadisə və digər üzrlü səbəblərdən imtahana qatıla bilməyənlər ola bilər.

“Faktiki olaraq bu şəxslər cari ildə ali təhsil müəssisələrinə, kolleclərə və yüksək peşə təhsili mərkəzlərinə sənəd vermək imkanından məhrum olublar. Əgər əlavə imtahanda müvəffəq nəticə göstərsələr, bu, onlar üçün daha çox növbəti il üçün şans yaradacaq”, - o deyib.

Ekspert hesab edir ki, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə buraxılış imtahanlarının vaxtı yenidən nəzərdən keçirilməlidir.

“Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bu istiqamətdə birgə yanaşma müəyyənləşdirməlidir. Üzrlü səbəbdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan ali məktəblərə qəbul prosesi başa çatmamış keçirilməlidir”, - Məzahir Məmmədli vurğulayıb.

Onun fikrincə, əks halda gələcək illərdə də eyni səbəbdən imtahana qatıla bilməyən məzunlar bir il gözləmək məcburiyyətində qala bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO