Sentyabrın 4-ü bir çox ölkələrdə Ümumdünya Leykemiya Günü kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrindən pasiyent qruplarının iştirakı ilə keçirilən qlobal kampaniyanın əsas məqsədi leykemiya haqqında məlumatlılığın artırılması, xəstəliyin əlamət və simptomlarının tanıdılması və erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkilməsidir.
Bizim.Media xəbər verir ki, leykemiya diaqnozu dünyada ən çox rast gəlinən xərçəng xəstəlikləri arasında 13-cü yerdədir.
Hər il 440 minə yaxın insana leykemiya diaqnozu qoyulur ki, bu da gündə 1000-dən çox insan deməkdir.
Bununla belə, xəstəliyin qeyri-spesifik əlamət və simptomları onun diaqnostikasını çətinləşdirir. Hər il dünyada 300 mindən çox insan leykemiya səbəbindən vəfat edir.
Leykemiya qan yaradan sistemin bədxassəli xəstəlikləri qrupuna daxildir və qan hüceyrələrinin anormal inkişafı ilə xarakterizə olunur. Xəstəlik əsasən gedişatına və təsirlənən hüceyrələrin növünə görə kəskin və xroniki formalara bölünür.
Kəskin leykemiyalar sürətlə inkişaf edir və sümük iliyində yetişməmiş qan hüceyrələrinin – blastların həddindən artıq çoxalması ilə xarakterizə olunur. Əsas növləri kəskin miyeloid leykemiya (AML) və kəskin limfoblastik leykemiyadır (ALL). Xroniki leykemiyalar isə daha yavaş inkişaf edir. Bu qrupa xroniki miyeloid leykemiya (KML) və xroniki limfositik leykemiya (KLL) daxildir.
Leykemiyanın əlamətləri qeyri-spesifik olduğundan xəstəliyin erkən mərhələdə müəyyən edilməsi bəzən çətin olur.
Ümumi halsızlıq və yorğunluq, uzunmüddətli və ya səbəbsiz qızdırma, tez-tez təkrarlanan infeksiyalar, səbəbsiz arıqlama, sümük və oynaq ağrıları, limfa düyünlərinin böyüməsi, dəridə asanlıqla qançır və göyərmələrin yaranması diqqət yetirilməli əsas əlamətlər sırasındadır.
Xəstəliyin diaqnozu, əsasən, qan analizləri və sümük iliyinin müayinəsi əsasında müəyyənləşdirilir. Müalicə xəstəliyin növündən, gedişindən və pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq fərdi şəkildə seçilir. Müasir tibbdə kimyaterapiya, hədəfli terapiya, immunoterapiya və bəzi hallarda sümük iliyi (hematopoetik kök hüceyrə) transplantasiyası kimi müalicə üsullarından istifadə olunur.
Leykemiya həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. Uşaqlıq dövründə ən çox rast gəlinən xərçəng xəstəliklərindən biri məhz leykemiyadır. Xüsusilə kəskin limfoblastik leykemiyanın müalicəsində son illər əhəmiyyətli nailiyyətlər əldə olunub və uşaqlarda sağqalma göstəriciləri yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, leykemiyanın bir sıra əlamətləri digər xəstəliklərdə də müşahidə oluna bilər. Buna görə də sadalanan simptomlardan hər hansı birinin uzun müddət davam etməsi və ya səbəbsiz şəkildə ortaya çıxması zamanı özbaşına nəticə çıxarmaq əvəzinə həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək vacibdir.
Bizim.Media



































































































