Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ərzaq bazarlarında nəzarət tədbirləri həyata keçirib.
Bizim.Media xəbər verir ki, agentlikdən verilən məlumata görə, yoxlamaların aparıldığı 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş qiymətləndirilib.
Bildirilib ki, aşkar olunan nöqsanlar əsasən müxtəlif məhsulların satışı üçün müvafiq şəraitin yaradılmaması, bazarlarda kifayət qədər piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz edilmiş zonaların ayrılmaması ilə bağlı olub.
Həmçinin süd və süd məhsulları, ət və ət məhsulları, eləcə də digər tez xarab olan məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların olmadığı müəyyən edilib. Qida ilə təmasda olan bəzi səthlərin asan təmizlənən və korroziyaya davamlı materiallardan hazırlanmadığı da aşkarlanıb.
Nəzarət tədbirləri zamanı qida məhsullarının satışı ilə məşğul olan bəzi şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı müəyyənləşdirilib. Eyni zamanda, heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib.
AQTA xəbərdarlıq edib ki, növbəti mərhələdə qida təhlükəsizliyi tələblərinə cavab verməyən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, həmçinin müəyyən edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün zəruri tədbirlər görməyən bazar subyektləri barəsində qanunvericiliyə uyğun sərt tədbirlər görüləcək.



Bizim.Media




































































































