Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən gündəmə gəlir. Günün böyük hissəsini məktəbdə keçirən uşaqların nə ilə qidalanması, bufetlərdə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi valideynləri düşündürən əsas məsələlərdəndir. Xüsusilə əvvəlki illərdə bəzi məktəblərdə qida zəhərlənməsi hallarının qeydə alınması məktəb bufetlərinə nəzarətin nə dərəcədə effektiv olduğu sualını aktuallaşdırır.
Hazırda dövlət məktəblərində şagirdlər üçün vahid qidalanma menyusunun tətbiq olunmaması, bufetlərin müxtəlif müəssisələrin idarəçiliyində olması da vəziyyətə dair suallar yaradır.
Bəs yeni tədris ili öncəsi məktəb bufetlərində vəziyyət necədir? Bufetlər yoxlanılıb, təhlükəsizlik tələblərinə cavab verməyən obyektlərlə bağlı hansı tədbirlər görülüb?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb bufetlərində iaşə xidmətləri uzun müddət təcrübəsi olan fiziki və hüquqi şəxslərin öhdəliyinə verilir:
“Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslərlə bağlanan müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir”.
Açıqlamada vurğulanıb ki, məktəblərdə bufet və yeməkxanaların fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır:
“Bununla belə, məktəblərdəki bufet və yeməkxanalara mütəmadi olaraq aidiyyəti dövlət qurumlarla birgə nəzarət tədbirləri həyata keçiriilir. Aparılan monitorinqlərin nəticələri təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür. Məktəbdə satışı qadağan olunmuş hər hansı məhsulun bufetdə olmamasına ciddi nəzarət edilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, dövlət məktəblərində ödənişsiz şəkildə, sağlam menyuların tərtib edilməsi praktikası dünyanın əksər ölkələrində tətbiq edilir.
Bu günlərdə ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi məktəblərdə verilən yemək menyusunda daha sağlam qidaların yer alacağını açıqlamışdı. Bu proqram Yaponiya, Fransa, İsveç, Hindistan, Braziliya və s ölkələrdə də tətbiq edilir.
Maraqlıdır, Azərbaycanın təhsil müəssisələrində necə ödənişsiz menyuların hazırlanması düşünülürmü?
Mövzuyla bağlı danışan təhsil eksperti Ramin Nurəliyev ödənişsiz şəkildə, sağlam məktəbli menyusunun Azərbaycanda da tətbiq olunmasının vacibliyindən danışıb.
O, deyib ki, önəmli olan sadəcə yeməklərin verilməsi deyil, həm də ona nəzarət mexanizmidir:
“Azərbaycanda liseylər, gimnaziyalarla yanaşı, Elm və Təhsil Nazirliyinə bağlı olan məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda da uşaqlara ödənişsiz şəkildə yemək verilir. Bağçalarda qidalanmanın o qədər də keyfiyyətli olmamasını rahat bir şəkildə ifadə edə bilərəm, ancaq lisey və gimnaziyalarda qidalanma həqiqətən yüksək səviyyədədir.Qidalanmanın keyfiyyətli olması, əlbəttə, nazirliyin ciddi nəzarət mexanizmi ilə mümkündür.
Amerikada və dünyanın bir çox ölkəsində atılan bu addım bizdə də olmalıdır. Ancaq alınan qidaların miqdarı, həqiqətən də tam olaraq şagirdlərə verilməsi məsələlərinə xüsusi nəzarət olunmalıdır” , - deyə ekspert qeyd edib.
Nəzrin Mirzəyeva , Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 04.09.2026
Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA
634661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































