20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

Hazırda oxunan: 20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

634502

Bərdə rayonunda 20 yaşlı oğlan qonşusuna ağır xəsarət yetirməkdə ittiham olunub.

Bizim.Media xəbər verir ki, hadisə Bərdə rayonunun kəndlərindən birində baş verib. 2006-cı il təvəllüdlü Əlvan qonşusu Zamiqin (adlar şərti verilib – red.) yaşadığı fərdi yaşayış evinin həyətinə gəlib.

O, Zamiqin onunla əvvəllər aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə onun atası ilə mübahisə etməsini görüb və iradını bildirib.

Bu zaman Zamiqin onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşərək özü ilə gətirdiyi bıçaqla onun qarın nahiyəsinə bir zərbə yetirib.
 

Əlvanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


İş üzrə izahat verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayonunun kəndində yaşayır və Zamiqi həmkəndli kimi tanıyır:

“Zamiqlə aramızda əvvəllər heç bir düşmənçilik və ədavət olmayıb. 2024-cü il iyulun 25-də Zamiqlə aramızda mübahisə yarandı. Mübahisə zamanı Zamiqin atası Fateh həyətdən çıxaraq mənimlə mübahisə etməyə başladı. Daha sonra evə getdim və evdə atam aramızda yaşanan mübahisəni bildikdən sonra Zamiqin yaşadığı evə üzrxahlıq etməyə getdi. Bu zaman Zamiq və onun qardaşı Həsən atamın üzərinə gələrək mübahisə etməyə başladılar.
 

Bizim evimizlə Zamiqin yaşadığı evin arasında təxminən 200 metr məsafə olub. Mən Zamiq və onun qardaşının atam ilə mübahisə etdiklərini gördüm. Bundan sonra evdən götürdüyüm bıçaqla Zamiqi vurdum”.


Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, onun əslən Tərtər rayonundan olan Elmar adlı dostu onlara qonaq gəlib:

“Elmar ilə piyada evə tərəf gedərkən, qarşıda dayanan Zamiq və onun əslən Gəncə şəhərindən olan iki nəfər dostu təhqiredici ifadə işlətdilər. Mən Zamiqdən kimi təhqir etdiklərini soruşdum. Onlar sakitcə dayandı və bundan sonra Zamiq ilə aramızda soyuq münasibət yarandı. Həmin hadisədən təxminən 20 gün sonra dalaşdıq və hadisə baş verən gün aramızda yaranan mübahisəni bitirsək də, atam üzrxahlıq etmək üçün Zamiqin yaşadığı evə getdiyi vaxt atam ilə mübahisə etdilər.

Zamiq və qardaşının atama zərbə endirdiklərini gördüm. Həmin yerə yaxınlaşaraq onlar üzərimə gəldilər. Mən də Zamiqi bıçaqla vurdum. Zamiqi bıçaqla vurduqdan sonra onlar öz evlərinə getdilər. Mən isə atam ilə birlikdə öz evimizə qayıtdıq. Zamiqi bıçaqla vurduqdan sonra qan gəldiyini görmədim və hadisədən sonra polis əməkdaşları da gəldilər. Hadisədən sonra əlimdən bıçağı götürdüklərinə görə, sonradan bıçağı tapa bilmədik. Həmçinin hava qaranlıq olduğu üçün bıçağı əlimdən kimin aldığını görməmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, onun bıçaqla kimisə vurmaq fikri olmayıb, sadəcə mübahisə etdikləri şəxslərin çox olduğunu və onlara fiziki gücünün çatmayacağını gördükdən sonra bıçağı çıxarıb.

İş üzrə zərərçəkmiş Zamiqin sözlərinə görə, həmkəndlisi Əlvanla arasında heç bir düşmənçilik və ya ədavəti olmayıb:

“Təxminən bıçaqlanma hadisəsindən bir ay əvvəl Gəncə şəhərindən olan tanışlarım İlqar və Sakit bizə qonaq gəldi. Mən dəqiq tarixini bilmədiyim vaxtda, axşam saatlarında dostlarım ilə birlikdə evə gedərkən Zamiq və adının sonradan Elmar olduğunu öyrəndiyim şəxs yanımızdan keçdi. Bu zaman Sakit telefonda kiməsə zarafatla söydü. Bu zaman Zamiq Sakitdən ona söyüb-söymədiyini soruşdu. Mən isə ona Sakitin telefonla danışdığını söylədim. Sonra isə yolunda davam etdi”.

Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, saat 19 radələrində həyətin qarşısında dayanarkən Əlvanın atası Gülməmməd yanına gəlib və ondan Əlvan ilə arasında nə problem olduğunu soruşub:

“Mən isə heç bir problem olmadığını söylədim. Daha sonra isə o, getdi. Təxminən 1 saat sonra Əlvan bizə gəldi. O, məndən atası Gülməmmədə nə dediyimi soruşdu. Mən isə heç bir pis söz demədiyimi bildirdim. Bu zaman o, məni qəfildən itələdi. Bundan sonra əlbəyaxa olduq. Kim olduğunu xatırlamadığım şəxslər bizi həyətdən içəri saldı. Bu zaman səs-küyə atam və qardaşım Firuz gəldi. Atam məni oradan uzaqlaşdırdı”.

Zamiqin ifadəsinə görə, təxminən 1 saat sonra, saat 21 radələrində onlar evə qayıtdıqda Gülməmməd və yoldaşı Aydan atası ilə mübahisə etdiyini görüb:

“Bu zaman Əlvan evləri tərəfindən qaçaraq üzərimə gəldi. Mən Əlvanla birlikdə həyətə girdik. Həyətdə əlbəyaxa olduq. Bu zaman Əlvanın məni bıçaqla vurduğunu hiss etdim. O, məni bıçaqla vurduqdan sonra aralıq sakitləşdi. Qardaşım məni avtomobilə qoyaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına apardı. Orada mənə ilkin tibbi yardım göstərildi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlvan Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO