“Təcrübəsiz sürücü” nişanının nə olması və kimlər tərəfindən istifadə edilməsinin zərurliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə yeni sürücülərin avtomobillərində bu nişanın yerləşdirilməsinin məcburi olub-olmaması diqqət çəkir.
“Təcrübəsiz sürücü” nişanı nə üçün nəzərdə tutulub? Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülük mədəniyyətinin artırılması fonunda günün birində bu nişanın yeni sürücülər üçün məcburi olması gündəmə gələ bilərmi?
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, “təcrübəsiz sürücü” nişanı “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulub:
“Dünya praktikasında da tətbiq olunur. Sadəcə, Azərbaycanda bu nişanın avtomobilə yapışdırılması hazırda tövsiyə xarakteri daşıyır. Yəni təcrübəsiz sürücülərə tövsiyə edilir ki, avtomobilin arxa şüşəsinə bu stikeri yapışdırsınlar. Məqsəd digər hərəkət iştirakçılarına sükan arxasında təcrübəsiz sürücünün olduğunu bildirmək və beləliklə, onun manevr etməsinə, hərəkətinə müəyyən şərait yaratmaqdır”.
Ekspert qeyd edib ki, sürücülük təcrübəsi iki ildən çox olmayan şəxslər təcrübəsiz sürücü sayılır:
“Hesab edirəm ki, hazırda tövsiyə xarakteri daşıyan bu nişanın məcburi olması da nəzərdən keçirilə bilər. Çünki ölkədə yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər yüksəkdir və bu qəzalarda təcrübəsiz sürücülərin də iştirakı tez-tez müşahidə olunur.
Xüsusilə magistral və şəhərlərarası yollarda, eləcə də hava şəraitinin əlverişsiz olduğu dövrlərdə təcrübəsiz sürücülərin səbəb olduğu qəzalara rast gəlinir. Şəhər daxilində də oxşar hallar müşahidə olunur.
Bu baxımdan, “təcrübəsiz sürücü” stikerinin məcburi xarakter daşıması məqsədəuyğundur. Bunun heç bir mənfi və ya ayıbdan irəli gələn tərəfi yoxdur. Bu, dünya praktikasında tətbiq olunan normal bir yanaşmadır və digər sürücülərin təcrübəsiz sürücüyə qarşı daha diqqətli davranmasına imkan verə bilər. Nəticədə, bu tədbir yol-nəqliyyat hadisələrinin sayının ən azı müəyyən qədər azalmasına töhfə verəcək”.
Bizim.Media




































































































