Yeni ifadələrin bol və dəb olduğu bir vaxtda söz ehtiyatımıza daha biri əlavə olunur: “Yuxu yaşı”. Daha havalı görünmək üçün Sleep age deyək... Smart saatlar və telefonlarda sağlamlıq tətbiqləri istifadəçiyə yuxusunun keyfiyyətini müxtəlif göstəricilərlə təqdim etməklə yanaşı, bəzən onu konkret yaşla da ifadə edir.
Bəs insanın yuxusunun həqiqətən yaşı varmı?
Sual ilk baxışda qəribə səslənsə də, onun arxasında real elmi müşahidə dayanır. Yuxu yaşla dəyişir. İnsan yaşa dolduqca yuxunun quruluşunda da dəyişikliklər baş verir: gecə ərzində oyanmalar arta, dərin yuxunun payı dəyişə, yuxunun fasiləsizliyi və gündəlik ritmlə əlaqəsi fərqlənə bilər. Bu dəyişikliklər somnologiyanın, yəni yuxunu öyrənən tibbi sahənin uzun müddətdir araşdırdığı mövzulardandır.
Amma “Yuxu yaşı” tibbi diaqnoz deyil, yuxu haqqında müxtəlif göstəricilərin bir rəqəmdə ifadə olunmuş, texnologiya tərəfindən yaradılmış şərti profilidir. Başqa sözlə desək, kommersiyanın gətirdiyi ifadədir. Əsasən texnologiyanın və rəqəmsal tətbiqlərin inkişafı ilə populyarlaşıb.
Yuxusu özündən qoca olanlar...
“Yuxu yaşı”nın hesablanmasını isə tətbiq özü aparır. Tutaq ki, 45 yaşlı bir insan gecə saat 12-də yatır və səhər 6-da oyanır. Altı saatlıq yuxu əldə edir. Üstəlik, yuxusu fasiləsiz deyil: gecənin bir hissəsində möhkəm yatır, digər hissəsində isə tez-tez ayılır və ya səthi yatır. Smart tətbiqlər yuxuda hərəkət, ürək döyüntüsü və digər fizioloji siqnallar vasitəsilə təxmin edir.
Daha sonra alqoritm toplanan məlumatları müəyyən yaş qruplarına aid statistik profillərlə müqayisə edir. Yuxarıda sadalanan amilləri nəzərə alsaq, 45 yaşlı insanın yuxusu 55 yaşındadır. Lakin “yuxu yaşınız 55-dir” xəbərdarlığı onun orqanizminin 55 yaşında olması demək deyil.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 02.09.2026
Tibbdə İNQİLAB - İnsanın bioloji yaşından başqa yuxusunun da yaşı hesablanacaq
Hazırda oxunan: Tibbdə İNQİLAB - İnsanın bioloji yaşından başqa yuxusunun da yaşı hesablanacaq
Hazırda oxunan: Tibbdə İNQİLAB - İnsanın bioloji yaşından başqa yuxusunun da yaşı hesablanacaq
634241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































