Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

Hazırda oxunan: Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

627004

Məlum olduğu kimi, ötən illərdə tətbiq olunan vergi güzəştləri avtomobil bazarında böyük canlanma yaratmışdı. Bunun nəticəsində ölkəmizə çox sayda yeni avtomobillər idxal edildi, avtomobil parkı yeniləndi.

Lakin 1 yanvar 2026-cı ildən idxal edilən bəzi avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv edildi. Nəticədə yeni avtomobillər kəskin bahalaşdı. Amma insanların ucuz qiymətə avtomobil almaq sevdası bitmədi. Bunu görən bazar dəllaları hərəkətə keçdi.

Bu gün sosial platformalarda, xüsusilə də, TikTok səhifəsində yeni avtomobil satışı ilə bağlı saysız-hesabsız elanlar və reklamlar yerləşdirilib. Bu elan və reklamların da çoxu ucuz qiymətə yeni avtomobil almaq istəyənləri hədəf alır.

Maraqlıdır ki, bəzi insanlar da dəllalların qurduğu tələyə asanlıqla düşür.

Bəs, proses necə gedir?

Məsələn, TikTok-da bir rolikə rast gəlirsən: 20 min 300 manata 2026-cı ilin avtomobili təklif olunur. Qeyd olunan nömrəyə zəng edəndə telefona açan şəxs təəssüflə bildirir ki, “həmin modellər bu gün qurtarıb. Amma ucuz başqa modellərimiz də var, buyurun gəlin”.

Bəzi insanlar da dəllalların şirin dilinə aldanıb hansısa avtomobili bazar qiymətindən xeyli baha qiymətə alır. Çünki belə insanlar ilk gördüyü reklam rolikinin və satıcının şirin vədlərinin təsirindən çıxa bilmir. Beləcə, ucuz avtomobil almaq istəyən şəxslər aldanaraq çox baha qiymətə avtomobil almış olurlar.

Daha bir fırıldaq növü

Sosial platformaya yeni avtomobil bazar dəyərindən xeyli aşağı qiymətə qoyulur. Bəzi insanlar da bu elanlara inanıb həmin avtosalona gedirlər. Burada dilerlər elan olunan qiymətlərdən başqa “salon haqqı” tələb olunduğunu bildirirlər.

Salnon haqqı da nə az, nə çox 2-3 min manat olur. Nəticədə ucuz qiymətə təklif olunan avtomobil son nəticədə real bazar qiymətindən xeyli baha qiymətə başa gəlir.

Lizinq xidmətləri də boş dayanmır.

Ucuz qiymətə yeni avtomobil almaq istəyənləri lizinq şirkətləri asanlıqla tələyə sala bilirlər. Belə ki, sosial şəbəkələrdə yerləşdirilən videorolikdə real dəyəri 40 min manat olan avtomobil cəmi 20 min manata təklif olunur. Amma real söhbətə gələndə bəlli olur ki, 20 min ilkin ödənişdir. Qalan vəsaitsə bir neçə ilə lizinq şərti ilə tələb olunur. Nəticədə, vətəndaş real qiyməti 40 min manat olan avtomobili 50 min manata almış olur.

Daxili kredit

Bəzi salonlar və avtomobil satan şəxslər son zamanlar daxili krediti gündəmə gətirib. Belə ki, vətəndaş avtomobilin real qiymətinin bir hissəsini qabaqcadan ödəyir. Qalan hissəsi isə 24-36 aya və bəzən də daha uzun müddətə daxili kreditə salınır.

Yəni vətəndaş bankla deyil, salonla və yaxud hansısa fiziki şəxslə müqavilə bağlayır. Müqavilə şərtinə görə avtomobilin tam pulu ödənilməyənə qədər, vətəndaşa ancaq avtomobili idarə etmək üçün etibarnamə verilir.

Bu məsələdə isə ən pis məqam odur ki, aylıq ödəniş bir neçə ay gecikdiyi təqdirdə etibarnamə ləğv edilir, avtomobil geri alınır. Əvvəl ödənilən vəsait də batır.

Bir sözlə, yeni avtomobil sevdasına düşənləri çox asanlıqla və müxtəlif şirnikləndirici vasitələrlə tələyə sala bilirlər.

Ona görə də yeni avtomobil almaq istəyənlər ayıq olmalı, yalançı elanlara və şirnikləndirici vədlərə inanmamalıdır. Yoxsa, “sonrakı peşmançılıq fayda verməz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO