İsti yay günlərində də Bakıda tıxaclar bitmir… - Əvvəlki illərlə müqayisədə NƏ DƏYİŞİB?

İsti yay günlərində də Bakıda tıxaclar bitmir… - Əvvəlki illərlə müqayisədə NƏ DƏYİŞİB?

Hazırda oxunan: İsti yay günlərində də Bakıda tıxaclar bitmir… - Əvvəlki illərlə müqayisədə NƏ DƏYİŞİB?

626862

Bir vaxtlar yay ayları Bakının ən sakit dövrü hesab olunurdu. İyul-avqust aylarında paytaxtın küçələrində sıxlıq azalırdı, insanlar uzun müddətə rayonlara və bağ evlərinə üz tuturdu. Lakin son illərdə bu mənzərə dəyişib. İndi yay aylarında da Bakı əvvəlki kimi boşalmır.

Bizim.Media-nın araşdırmasına görə, bunun əsas səbəblərindən biri iş yerlərinin paytaxtda cəmlənməsidir.

Dövlət statsitika Komitəsinin məlumatına görə, 2026-cı ilin mayına olan məlumata görə, Azərbaycanda 1 milyon 792 min muzdla çalışan işçi var. Onlardan təxminən 986 min nəfəri Bakı şəhərində çalışır. Bu, ölkədəki bütün muzdlu işçilərin yarıdan çoxunun paytaxtda cəmləşdiyini göstərir. 

Yay fəsli məzuniyyət, istirahət fəsli olsa da, bu, bütün işçilərə şamil edilmir, növbəlilik prinsipi qorunur. Həmçinin, əvvəllər yayda bir çox sahələrdə iş tempi azalırdısa, indi xidmət sektoru, ticarət, restoranlar, çatdırılma xidmətləri, özəl şirkətlər və digər fəaliyyət istiqamətləri ilboyu aktiv qalır. Bu sahələrdə çalışan insanların böyük hissəsi uzunmüddətli yay məzuniyyətinə çıxa bilmir və şəhərdə qalmağa davam edir.
 

Bundan başqa, şəhərin əsas yükü tələbələrdirsə, indi onların da əksəriyyəti tətildə bölgələrə qayıtmır, paytaxtda müxtəlif işlərdə, əsasən xidmət sektorunda işləyir, növbəti tədris ili üçün vəsait toplamağa çalışırlar. Yaxud da dərsdən imkan etməyənlər özlərini inkişaf etdirmək üçün müxtəlif kurs və dərnəklərə yazılırlar. 


Qohumlar - əmi, xala evində qalıb universitetdə oxumaq anlayışı da keçmişdə qalıb. Yataqxana olmadığı halda indi rayondan paytaxta gələnlər kirayə evlərdə qalırlar ki, bunun da xərclərini qarşılamaq lazımdır. Hər il kirayə mənzillərin qiyməti bahalaşır, yeni ev axtarmaq, köçmək vaxt aparır. Ona görə də tələbələr kirayə evlərdə öz evləri kimi yaşayır və yayda da geri qayıtmırlar. 

Yəni Bakıya gələn Bakıda da qalır. 

İnsanların istirahət vərdişləri də dəyişib. Əvvəllər ailələrin bir hissəsi bütün yay mövsümünü bağ evində və ya rayonda keçirirdi. İndi isə insanların çoxu daha qısa istirahət modelinə üstünlük verir. Bir neçə həftə və ya aylarla şəhərdən uzaqda qalmaq əvəzinə, həftəsonu səfərləri, qısa məzuniyyətlər və xarici ölkələrə səyahətlər daha geniş yayılıb.
 

Bağ evinə köçmək ənənəsinin zəifləməsində iqtisadi amillər də rol oynayır. Bağ evinin saxlanması, kommunal xərclər, gündəlik ehtiyacların təşkili əvvəlki illərlə müqayisədə daha çox xərc tələb edir.


Digər tərəfdən, Bakı son illərdə turizm mərkəzlərindən birinə çevrilib. Yay aylarında şəhərə gələn xarici turistlər, işgüzar səfərlər və müxtəlif tədbirlər paytaxtın aktivliyini qoruyur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycana gələn xarici ziyarətçilərin sayı son illərdə milyonlarla ölçülür və Bakı bu axının əsas istiqamətlərindən biridir.

Avtomobillərin sayının artması da əvvəlki "boş yay Bakısı" görüntüsünün itməsində mühüm amillərdən biridir. Hətta insanların bir hissəsi şəhərdən getsə belə, nəqliyyat vasitələrinin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Buna görə yay aylarında tıxacların azalması əvvəlki qədər nəzərə çarpmır.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO