Yaxınları bir neçə gün əvvəl vəfat edən Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayevanın ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.
Bizim.Media xəbər verir ki, bu şikayətlə “qafqazinfo.az”a mərhumun həyat yoldaşı Aydın İsayev müraciət edib.
O bildirib ki, yoldaşını kəskin baş ağrısı və bədəninin uyuşması şikayətləri ilə Gəncədə yerləşən “Ozon Tibb Mərkəzi”nə aparıb:
“İyulun 1-dən şiddətli baş ağrıları başladı, eyni zamanda əlində keyimə və hərəkət məhdudiyyəti yarandı. Yoldaşımı sözügedən xəstəxanada MRT müayinəsinə götürdülər. Bunun cavabına əsasən beyində iki törəmə olduğu deyildi”.

Ailə daha sonra MRT nəticəsini Gəncə Mərkəzi Klinik Xəstəxanasına apararaq neyrocərrah Ramis Hüseynova müraciət edib:
“O, 10 günlük sistem müalicəsi yazdı. Müalicənin ikinci günündən yoldaşımın vəziyyəti pisləşdi. Xəstəxanada əvvəlcə KT (kompüter tomoqrafiyası) müayinəsi təyin olundu. Həmin gün həkim tərəfindən beşgünlük-ümumilikdə 10 sistemdən ibarət müalicə yazıldı. Müalicənin ikinci gününə kimi qidalanması və vəziyyəti normal olub. Ancaq həkimin yazdığı sistemlər vurulduqca durumu ağırlaşdı, əli və ayağı tamamilə tutuldu.
Bundan sonra isə Bakıda Milli Onkologiya Mərkəzinə yönləndirildik. Burada Emin həkim bildirdi ki, “Gəncədə çəkilmiş MRT nəticələri şübhə doğurur”. Buna görə yenidən MRT çəkilməsi tələb olundu”.

Şikayətçi qeyd edib ki, təkrar MRT müayinəsindən sonra beyində törəmə yox, qansızma olduğu deyilib:
“Həkimlər vəziyyətin kritik olduğunu dedilər. Müsbət irəliləyiş olarsa, müdaxilə edilə bilərdi. Amma yoldaşımın vəziyyəti pisləşdiyi üçün Türkiyədən neyrocərrah dəvət etdim. Türkiyəli həkim xəstənin göz reflekslərinin olmadığını, buna görə də əməliyyatın mümkün olmadığını dedi. Sonradan müdaxilə edilsə belə, vəfat etdi”.

Mərhumun həyat yoldaşı bütün bunlarla yanaşı, xəstənin digər tibb müəssisəsinə göndərilməsi üçün verilən göndərişin gecikdirildiyini deyir:
“Bu da müalicənin vaxtında başlanmasına mane oldu. Gedən pullara pis olmuram, onu zamanla yenidən qazanaram. Bəs, mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar, ailə tabloma xətt çəkdilər... Evə gedə bilmirik, ev üstümüzə gəlir. Diaqnoz düzgün qoyulsa və vaxtında lazımi tədbirlər görülsəydi, bəlkə də həyat yoldaşımı xilas etmək mümkün olardı”.

Məsələ ilə bağlı “Ozon Tibb Mərkəzi”nə də sorğu ünvanladıq. Mərkəzdən saytımıza cavab olaraq bildirildi ki, tibb müəssisəsi həkimin verdiyi rəyə görə hüquqi məsuliyyət daşımır:
“Kəmalə İsayevanın MRT müayinəsi həkim-radioloq Heydər Əlisəfazadə tərəfindən qiymətləndirilib. Heydər Əlisəfazadə Azərbaycan Tibb Universitetinin məzunudur, Səhiyyə Nazirliyinin sertifikasiyasından keçib və tərtib etdiyi MRT rəylərinə görə şəxsən özü məsuliyyət daşıyır. Radioloq MRT görüntülərini qiymətləndirərkən rəyində beyində bədxassəli törəməyə bənzər görüntü olduğunu qeyd edib. Xəstənin ölüm səbəbi həmin törəmədir”.
İttihamlarda adı keçən həkim Ramis Hüseynovla bağlı Gəncə Mərkəzi Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Lakin xəstəxanadan bildirdilər ki, bununla bağlı cavab vermək istəmirlər.
Bizim.Media


































































































