Ötən gecə İspaniya 2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Üçüncü yer uğrunda oyunda isə İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib.
Bizim.Media xəbər verir ki, ABŞ İrana qarşı ardıcıl doqquzuncu zərbələr seriyasını endirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hücumlar İranın hərbi komanda məntəqələrini, hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə obyektlərini, dəniz infrastrukturunu, raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqelərini, eləcə də rabitə şəbəkələrini hədəf alıb.
İran mediası ABŞ və İsraillə əlaqəli obyektlərə zərbələr endirildiyini bildirib. SEPAH Suriyanın ət-Tanf bazası yaxınlığındakı xüsusi əməliyyatlar mərkəzinə, həmçinin İraqın Süleymaniyyə bölgəsindəki bazaya hücum etdiyini açıqlayıb. Bundan başqa, İran raketlərinin İordaniyanın Əqəbə hava limanı yaxınlığındakı ABŞ hərbi obyektlərini vurduğu iddia edilir.
Təbriz, Çabahar, Bəndər-Abbas, Cask və Sirik şəhərlərində partlayışlar qeydə alındığı, ölkənin cənubunda isə bir pilotsuz aparatın vurulduğu bildirilir.
SEPAH Hörmüz boğazının cənub hissəsində “təhlükəli marşrut” üzrə hərəkət edən iki tankerin hədəfə alındığını bəyan edib. İddia olunur ki, gəmilər ABŞ hərbçilərinin təzyiqi ilə həmin marşrutdan istifadə ediblər.
Krım və Moskva vilayəti kütləvi PUA hücumuna məruz qalıb. Məlumata görə, Aluştada enerji infrastrukturu hədəf alınıb, Yaltada isə partlayış səsləri eşidilib. Podolskda hücumdan sonra neft bazasında və Wildberries anbarlarında yanğın baş verib.
İraqda “İslam müqaviməti” hərəkatı bəyan edib ki, ABŞ-ın İrana qarşı eskalasiyası davam edərsə, Vaşinqtona qarşı birbaşa münaqişəyə qoşulacaq və ABŞ-ın İraqdakı, eləcə də regiondakı hərbi bazalarına zərbələr endirəcək.
ABŞ-ın Bəhreyndəki səfirliyi Manamanın mərkəzi hissəsində İranın mümkün hücumu barədə xəbərdarlıq yayıb və ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində, Kumzarın şimal-qərbində yerləşən bir gəmidə yanğın baş verdiyini açıqlayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa dördüncü övladlarının – Alek Nil Vensin dünyaya gəldiyini bildiriblər. Bu, müasir ABŞ tarixində vitse-prezident ailəsində vəzifədə olduğu müddətdə uşaq dünyaya gəlməsi ilə bağlı ilk hal hesab olunur.
Bizim.Media






































































































