Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üçün mühüm addımlar atılır. Ölkədə bölgələrin tərəqqisini nəzərdə tutan ardıcıl dövlət proqramları icra olunub. Hazırda isə 2027–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Bu sənəddə ölkə üzrə balanslı inkişafın təmin edilməsi hədəflənir.
Bizim.Media xəbər verir ki, bu barədə “demokrat.az”a açıqlama verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib ki, hazırda 2027–2030-cu illəri əhatə edən “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” hazırlanır və burada ölkədə inkişafın təmin olunması məsələləri öz əksini tapacaq:
“Ölkəmizdə regionlarla paytaxt, eləcə də şəhərlərlə kəndlər arasında sosial-iqtisadi inkişaf baxımından qeyri-bərabərlik getdikcə dərinləşir. Bunun nəticəsində əhali iri şəhərlərə, xüsusilə də paytaxta köçməyə üstünlük verir.
Ümumiyyətlə, 2016-cı ildə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı qəbul olunmuş strateji yol xəritələrinə nəzər salsaq, onların çərçivəsində də bir sıra mühüm işlər görülmüşdü. Son dövrlərdə isə daha effektiv və nəticəyönümlü layihələr məhz Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilir.
Həmin bölgələrdə yeni iş yerlərinin yaradılması nəticəsində insanlar iş axtararkən artıq həmin ərazilərə üz tuturlar.
Bununla yanaşı, əhalinin digər rayonlarda, yəni öz dədə-baba torpaqlarında məskunlaşmasının möhkəmləndirilməsi, insanların iş axtarmaq üçün iri şəhərlərə deyil, yaşadıqları bölgələrə üstünlük verməsi istiqamətində də tədbirlər gücləndirilməlidir.
Bunun üçün qəbul olunmuş proqramların əsas məqsədi regionlarda sənayeləşmənin genişləndirilməsidir. Lakin hazırda bu proses hələ də arzuolunan səviyyədə deyil. Eyni zamanda, müəssisələr arasında istehsal zəncirinin formalaşdırılması da vacibdir.
Bir bölgədə xammal, digər bölgədə isə son məhsul istehsalı üzrə əməkdaşlığın gücləndirilməsi, təchizat və istehsal zəncirinin regionlar daxilində formalaşdırılması böyük əhəmiyyət daşıyır. Bu sistem qurulduğu halda həmin bölgələrdə məşğulluq artacaq, insanlar öz doğma torpaqlarına qayıdaraq orada yaşamağa və işləməyə davam edəcəklər.
Maraqlı faktlardan biri də Daşkəsən rayonunda müşahidə olunur. Son illər Çovdar qızıl yatağının istismarının genişləndirilməsi nəticəsində bölgədə mədənçilik inkişaf edib, yollar bərpa olunub və yeni iş yerləri yaradılıb.
Əvvəllər əhalinin kütləvi şəkildə tərk etdiyi, hətta bəzi kəndlərdə demək olar ki, yaşayışın qalmadığı ərazilərə insanlar yenidən qayıtmağa başlayıblar”.
Hazırda vaxtilə həmin bölgədən köçmüş insanlar öz dədə-baba torpaqlarına qayıdaraq burada çalışırlar. Hətta digər kəndlərdən də həmin əraziyə işləmək üçün gələnlər var. Məhz bu model əhalinin köçünün daha geniş yayıldığı digər bölgələrdə də tətbiq edilməlidir" , – deyə Ruslan Atakişiyev fikrini yekunlaşdırıb.
Bizim.Media



































































































