Moderator.az iqtisadçı ekspert, vergi mütəxəssisi Elçin Qurbanovun "Vergi Fəlsəfəsi və onun İdeoloji Əsasları" kitabından "İdeologiya, sağlam iqtisadi mühit və etika" bölməsinə aid çox maraqlı hissələri oxuculara təqdim edir:
Vergi ideologiyası insanların dövlətə inamını, etibarını, onun xəzinəsinə şəxsi ailə xəzinəsi kimi münasibətini yarada biləcək ali məqsədin və məramın mənəvi dayaqlarının məcmuəsidir. “Heç kəs vergi ödəməkdən zövq almır” tezisi tamamilə yanlışdır. Belə olarsa, deməli, cəmiyyət saf və mənəvi cəhətdən sağlam deyil, o cümlədən ictimai şüurun qanunçuluğa və qanunun aliliyinə adaptasiyası üçün düzgün təbliğat aparılmamış, zəruri işlər görülməmişdir. Sahibkar vergi ödəməkdən qürur duymalıdır! Vergi ödəyiciləri bu işi könüllü və şüurlu şəkildə həyata keçirməlidirlər.
Heç bir təşkilat və ya qurum ideologiyasız səmərəli və dürüst təyinatlı fəaliyyət göstərə bilməz. O cümlədən vergi sahəsi. İnsanlarda qanuna dönmədən əməl etməyi yalnız onlarda vicdan hissi oyatmaqla yaratmaq daha düzdür. Vicdan və mənəviyyatla bağlı bütün məsələlər isə yalnız ideologiya fonunda həll edilə bilər. Bu yol sülhə, rifaha, əmin-amanlığa xidmət etməklə yanaşı, daha səmərəli və şəffaf sosial iqtisadi mühitin yaradılması üçün çox vacibdir. Nəzərə alsaq ki, hələ ideoloji mühit yoxdur, onda əvvəlcə məsələnin həllinə iqtisadi yanaşmanın fərqli qaydasına müraciət etməklə başlamalıyıq. Buna görə, əvvəlcə sahibkarın ictimai statusu müəyyənləşməlidir. Cəmiyyətdə maliyyə donorları kimi onlara xüsusi münasibət, diqqət və qayğı nümayiş edilməlidir. Bildiyimiz kimi əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək bazarının əsas hissəsini sahibkarlıq subyektlərinin təşkil etdiyini nəzərə alaraq dövlət sahibkarların problemlərini daim dinləməli, aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir.
Məmur başa düşməlidir ki, dövlətin və bələdiyyələrin əvəzsiz maliyyə təminatı sahibkarların fəaliyyəti ilə bilavasitə bağlıdır. İnsan həyatı üçün gərəkli maddi və qeyri-maddi nemətlərin mənbəyinin əsas hissəsini sahibkarlıq fəaliyyətinin nəticələri təşkil edir. Mülki hüquq münasibətlərinin subyekti kimi mülki dövriyyənin iştirakçılarının bütün hüquqlarının sərbəstliyi və mühafizəsi təmin edilməlidir. Onlar öz hüquqlarını vicdanla yerinə yetirməlidirlər ki, cəmiyyətimiz sağlam və gələcəyə təminatlı olsun. Əyləşdiyimiz masalardan tutmuş, süfrələrimiz üzərində yer alan bütün nemətlər, istifadə etdiyimiz nəqliyyat vasitələri də daxil olmaqla və s. sahibkarlıq fəaliyyətinin (maddi) nəticələridir. Buna görə də cəmiyyətin fiziki və mənəvi sağlamlığında bu zümrənin xüsusi rolu vardır. İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslansa da ümumilikdə xalqın rifahına xidmət edir. Sosial yönümlü iqtisadiyyatın böyük hissəsi sahibkarlıq fəaliyyətinin payına düşür. Azad sahibkarlıq hüququnun təminatı və səmərəli inkişafı üçün inhisarçılıqla xüsusi amansızlıqla mübarizə aparılmalıdır. İnhisarçılıq iqtisadi və hüquqi monipulyasiyadır. Onun mənfi təsiri təkcə iqtisadi həyata deyil, cəmiyyətin parçalanmasına, xalqın vahidliyinə, dövlətin möhkəmliyinə təsir göstərən amillərdəndir. Ayrı-seçkilik, mülki hüquqların pozulması, birinin digəri üzərində hüquqi üstünlüyü cəmiyyətdə ədalət və sülh yarada bilməz. Eyni zamanda dövlətin təməl prinsiplərinə və ali məqsədinə də ziddir.
Sahibkar dövlət büdcəsinin formalaşmasında bilavasitə iştirak edir. Məmurun isə maliyyə təminatı dövlət büdcəsi hesabına gerçəkləşdirilir. Elə etmək lazımdır ki, sahibkarlığın inkişafı daim stimullaşdırılsın. Ona görə məmur sahibkar münasibətlərinin (ümumi) tənzimlənməsi sahibkarlıq hüququnun mühafizəsi və müdafiəsi prinsiplərinə əsaslanmalıdır. Sağlam iqtisadi mühitin varlığı onun iştirakçılarının mülkiyyət növündən və formalarından asılı olmayaraq yalnız xalqın rifahına xidmət etməsində təcəssüm edir. Mülki hüquq subyekti kimi sahibkarlıq fəaliyyəti mülki dövriyyənin əsasını təşkil edir. Bu sahənin mənəvi, hüquqi tənzimlənməsi, inkişaf etdirilməsi və mühafizəsi dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olmalıdır. Vergi ideologiyası, o cümlədən vicdan azadlıqlarının həyata keçirilməsi hüququ ilə balanslaşdırılmış harmonik vəhdət yaratmalıdır ki, insanlar vergilər və digər dövlət ödənişlərini vicdanın səsi ilə ləyaqətlə yerinə yetirsinlər. Vergi ideologiyası iqtisadi mühitin saflaşmasında, vicdan və əxlaqın bu fonda qabardılaraq önə çəkilməsi işini əsas götürür. Qeyd etdiyimiz kimi, cəmiyyətdə hər hansı sahənin, o cümlədən vergi münasibətlərinin tənzimlənməsi üçün təkcə qanunvericilik bazasının və sisteminin olması kifayət edə bilməz. Dahi yunan filosofu Demokrit mənəviyyatı qanundan üstün tuturdu. O, qeyd edirdi ki, “Müdrik insan qanuna tabe olmamalı, azad yaşamalıdır”. Elə hərəkət et ki, sənin hərəkətlərinin əxlaq qaydası qanunvericilik qüvvəsinə malik olsun!” yaxud qanun yaratsın. O, belə qeyd etməklə insanın varlıq kimi qanundan yüksəkdə dayandığını, qanunların insanlara yalnız xidmət etdiyini, müdrikliyin özünün qanun və qaydaların yaranma mənbəyi olduğunu izah edirdi. Çünki qanunlar sünidir. Qanunlara əməl etmək qanunu əxlaqdan qaynaqlanır. Çinin ən uzun ömürlü (300 il) dövlət sisteminin müəllifi dahi Konfutsi də mənəvi etik normaları əsas götürərək xalqın mənəvi tərbiyələnməsini, qorxu deyil, sevgi yaratmaqla idarə edilməsini dövlətin idarəçiliyində əsas prinsip kimi irəli sürürdü. Yüksək tərbiyə və əxlaqa malik insanın hərəkətləri qanunvericilik qüvvəsinə malik olur. Qanunlar bütün fərdlər tərəfindən əvvəlcə mənəvi borc kimi qəbul edilməli, əxlaq normalarına uyğun qaydalarla gerçəkləşdirilməlidir. “Qanun və gücün tətbiqi ifrata varmaqdır”. “İnsanı məcbur etməklə deyil, utandırmaq və vicdan hissi yaratmaqla idarə etmək doğrudur”. Belə olarsa, vergilər sahəsində də oğurluq və ödənişlərdən yayınma halları olmaz. Dövlət anlayışı müqəddəsləşər. Fərdi maraqların önündə dövlət maraqları yer alar. Dövlətə inam və sevgi insanların sabaha inamına şərait yarada bilər.
Dahi yunan filosofu Platon özünün etika təlimində xeyir anlayışının həyata keçirməsinin mənasını fərdi xoşbəxtliyin əldə edilməsi deyil, mükəmməl cəmiyyətin olması ilə əlaqələndirir. Platonun etikası mükəmməl sosial prinsiplərə yönəlir. O, üzvi şəkildə dövlətin siyasi nəzəriyyəsi ilə əlaqədardır. Platon insanları öz tərkibinə görə hansı ruhun: əqli, affektiv (emosional), yaxud ehtiraslı (hissi) onlarda üstünlük təşkil etməsindən asılı olaraq üç tipə bölür. Onlara da ləyaqətin müxtəlif tipləri müvafiq olur. Əgər əqli cəhət üstünlük təşkil edirsə, onda adamlara həqiqi biliyin, ideyalar (ideallar) biliyinin təzahür etdiyi müdriklik xas olur, bu isə hər şeyin xeyirxahlıq üçün olduğunu aydınlaşdırır. Bundan başqa, müdriklik əql tərəfdən yanlız xeyirxahlığa yönəldilmiş qərarın qəbul edilməsidir. Bu tipə mənsub olan adamlar düzlüyə, ədalətliliyə və hissi həzzlərə mötədil münasibət bəsləyən olurlar. Onlar müdriklər və filosoflardır. Ləyaqət və müdriklik onlara xasdır. Affektiv (emosional) tərkibli ruhların sahibləri isə mərd döyüşçü, qulluqçu və mühafizəçilərə xas xüsusiyyətlərə malikdirlər. Ehtiraslı ruha mənsub olanlar cəmiyyətdə maddi nemətlər yaradan əkinçilər, sənətkarlar, sənayeçilər, tacirlər və b. Çünki onlar maddi və cismi aləmə həddindən artıq bağlıdırlar. Platon belə hesab edir ki, hər bir adamda ruhun üç hissəsinin mövcud olmasına baxmayaraq ayrı ayrı şəxslərdə onlardan yalnız biri üstünlük təşkil edir.
Ehtiraslılardan fərqli olaraq əqli və affektiv ruhlu fərdlər öz zəhmətlərinə görə haqqı natura şəklində almalıdırlar. Onların xüsusi mülkiyyəti olmamalıdır və pula toxunmamalıdırlar. Çünki əks təqdirdə var-dövlət toplamaq hərisliyi yarana bilər ki, nəticədə vəziyyət pis mənada dəyişər. Bütün bunlara baxmayaraq Platon, bütün təbəqələrə aid olan bir ləyaqət ”“ ölçü prinsipini təlqin edir. Ölçüdən artıq heç nə - prinsipini qanun kimi qəbul edir.
Ardı var...





































































































