Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Hazırda oxunan: Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

604892

Azərbaycan Respublikasının elmi-texniki potensialı zəiflətmək məqsədi ilə, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etməyə görə cəza müəyyənləşir.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Bu əməllər səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər cinayətkar birlik, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 

Həmin əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.


Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, bu sıraya elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə olunur. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO