"30 ilə yaxın bir müddətdə biz 2 aprel tarixinin böyük bir kədər ilə işğal günü kimi xatırlayırdıq. Lakin bu gün biz hamımız çox qürurluyuq. Çünki daha 27 ailə böyük sevinc hissi ilə öz əzəli yurduna, ata baba yurduna qovuşur".
Bu sözləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.
Onun sözlərinə görə 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına işğal altında olan torpaqlarımız azad olundu və bütün kədərlə xatırlatdığımız günlər indi sevincli və xoşbəxt günlərlə əvəz olunur:
"Dövlətimiz tərəfindən uğurla həyata keçirilən Böyük Qayıdış prosesi istər Tunel qətliamında, istər Başlıbel, istərsə də Ağdaban faciələrində həyatını itirən soydaşlarımızın ruhuna təsəlli verir, onların xatirəsinin daim yaşadığını bir daha sübut edir. Bir məqamı da diqqətinizə çatdırım ki, Kəlbəcərimizin bərpası və quruculuğu istiqamətində layihələrin davam etdiyi bir vaxtda, növbəti köçün Zar kəndinə olacağı gözlənilir", - deyə Nuranə Babyeva əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
































































































