Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Muğanlı kənd sakini Elvin Qurbanovun idarə tediyi “VAZ-21011" markalı 08 BK 640 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Faldar kənd sakininin idarə etdiyi "Mercedes C200" markalı 90 XR 640 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəzadan sonra “VAZ 21011” markalı avtomobildə olan sərnişin - sürücünün əmisi 54 yaşlı Ülfət Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən qəza-xilasetmə alətlərindən istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Muğanlı kənd sakini Səməndər Qurbanlı, “Mercedes” markalı avtomobilin sürücüsü, eləcə də həmin avtomobildə olan sərnişin - rayonun Faldar kənd sakini 50 yaşlı Natəvan Yusifova və avtomobildə olan daha bir sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































