Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İntiqam Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 03 yanvar 2025-ci il tarixdə saat 13 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən yataqxanaların birində qeydə alınıb.
Belə ki, İntiqam Tağıyev yaşadığı evdə anası, zərərçəkmiş Təhminə Tağıyeva (adı, soyadı şərtidir) ilə aralarında ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Bu zaman o, mətbəxdən götürdüyü bıçaqla qadına hücum edib.
İttihamda göstərilir ki, İntiqam anasına bir dəfə zərbə vuraraq zərərçəkmişə döş qəfəsinin daxilə nüfuz edən, sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yara yetirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran bədən xəsarəti kimi qiymətləndirilib.
Məhkəmə istintaqı zamanı İntiqam Tağıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində söyləyib ki, hadisə baş verən mənzildə anası və nənəsi ilə birlikdə yaşayır.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl anası ona bayram münasibətilə 100 manat pul verəcəyini və həmin vəsaitlə özünə geyim almasını demiş, lakin sonradan bu vədi yerinə yetirməmişdir.
İntiqam qeyd edib ki, hadisə günü – 03 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində evdə olarkən anasından həmin pulu tələb etsə də, qadın bundan imtina edib. Bu səbəbdən aralarında mübahisə yaranıb.
İfadəsinə əsasən, mübahisə zamanı Təhminə Tağıyeva onun istifadə etdiyi mobil telefonu götürərək yerə atıb. Bu hal İntiqamı əsəbiləşdirib və o, mətbəxə gedərək bıçaq götürüb. Daha sonra təqsirləndirilən şəxs mənzilin giriş qapısı qarşısında anasının kürək nahiyəsinə bir dəfə zərbə vurduğunu etiraf edib. Zərbədən sonra anası qapını açaraq evdən çıxıb, o isə bıçağı yerinə qoyaraq evdə gözləyib.
Təhminə Tağıyevanın sözlərinə görə, bir neçə dəqiqə sonra anası qonşuluqda yaşayan qadınla birlikdə geri qayıdıb və xəsarət aldığı üçün təcili tibbi yardım çağırılıb.
Hadisə yerinə gələn həkimlər tərəfindən zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya aparılıb.
Təqsirləndirilən şəxs əlavə edib ki, hadisədən sonra evdə qalıb və bir neçə saat sonra polis əməkdaşları gələrək onu saxlayıblar. (Pravda.az)
Bizim.Media





























































































