Nəsimi rayonu, Füzuli küçəsi, 47-50 ünvanlarındakı səkilər uzun müddətdir təmirsiz vəziyyətdədir. Bu, həm sakinlər, həm də ərazidən gündəlik istifadə edən insanlar üçün ciddi təhlükəyə çevrilib.
Səkidəki bəzi daşlar yerindən qopub və bu səbəbdən kiçik çuxurlar əmələ gəlib. Bu çuxurlar xüsusilə axşam saatlarında, işıqlandırmanın yetərli olmadığı vaxtlarda piyada hərəkəti üçün ciddi risk yaradır.
Səkinin bəzi hissələrində isə daha ciddi çökmələr müşahidə olunub. Bu vəziyyət gələcəkdə daha böyük və təhlükəli problemlərə yol aça bilər.
Qeyd edək ki, sözügedən ərazi “28 May” metrostansiyasının yaxınlığında yerləşir. Gündəlik olaraq xeyli sayda sakin və şəhərimizin qonaqları bu ərazidən istifadə edir. Səkilərdəki çuxurlar və çöküntülər yalnız təhlükəsizlik baxımından deyil, həm də şəhərin ümumi estetik görünüşü və nizam-intizamı baxımından önəmli məsələdir.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, məsul qurumlardan heç bir cavab gəlməyib.


Nəzrin Mirzəyeva, Bizim.Media



































































































