Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib.
Zərərçəkənin hüquqi varisi İ.S təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib:
"Yasin Mingəçevir universitetində qiyabi təhsil alırdı. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yolpulunu göndərdim ona, mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun instagramdakı paylaşımdan məlum oldu ki, o Türkiyəyə gedib.
Ağlaya-ağlaya qayınlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam".
Məhkəmə İ.S-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:
"Yasin cinsi azlıq nümayəndısi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi".
Növbəti prosesi 4 mart 17:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin 6 noyabr tarixində Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.
Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media





























































































