“Azərbaycan vətəndaşlarının ianəsi hesabına Ukrayna üçün generatorların alınması xalqlarımız arasında həqiqi həmrəyliyin nümunəsidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mikola Kalaşnik “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, Ukraynada enerji infrastrukturunun bərpası üçün göndərilən enerji avadanlıqlarının İrpen şəhərinə təhvil verilməsi ilə bağlı Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
“Azərbaycan regionun bərpasında uzunmüddətli və etibarlı tərəfdaşdır. İrpendə artıq bir sıra mühüm layihələr həyata keçirilib: Zərifə Əliyeva adına 12 saylı məktəb bərpa edilib, mərkəzi şəhər xəstəxanası yenilənib, təhsil və ictimai məkan sahəsində infrastruktur təşəbbüsləri reallaşdırılıb. Dövlətlərarası və regionlararası tərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində iş davam edir.
Beynəlxalq dəstək Kiyev vilayətinin bərpasının mühüm elementidir. Lakin bu qərarların arxasında Ukraynanı dəstəkləyən konkret insanların durması da eyni dərəcədə vacibdir”, - Kalaşnik bildirib.
Xatırladaq ki, Azərbaycan vətəndaşları və şirkətləri tərəfindən göndərilmiş 17 müxtəlif enerji generatoru, 4 portativ enerji sistemi və 3 istilik qurğusunun İrpen şəhərinə təhvil verilməsi mərasimi baş tutub. Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Mikola Kalaşnik, Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev iştirak ediblər.

Bizim.Media





























































































