Bərdə rayonu, şəhid Abdulla Telman oğlu İsmayılov adına Lənbəran kənd tam orta məktəbində uzun müddətdir ciddi nizam-intizam və idarəetmə problemləri yaşanır.
Bizim.Media xəbər verir ki, bu barədə Teleqraf-a məktəbin fizika müəllimi Qasım Hümmətov məlumat verib.
Onun sözlərinə görə, xüsusilə 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi artıq adi hala çevrilib və bu proses son dövrlərdə aşağı siniflərdə də müşahidə olunmağa başlayıb.
Müəllim qeyd edib ki, dərs saatlarında şagirdlərin əksəriyyəti məktəbdə olmur:
“Xüsusilə 6-cı dərsdə sinifdə iştirak edən şagird sayı 5–12 nəfər arasında dəyişir. Halbuki sinif üzrə şagird sayı 28 nəfərdir. Qalan şagirdlərin harada olması bilinmir, məktəb də buna nəzarət etmir”.
Qasım Hümmətov bildirib ki, bu vəziyyət müəllimlər üçün ciddi məsuliyyət yaradır. Çünki şagirdin dərs vaxtı məktəbdən çıxması və başına hər hansı hadisə gəlməsi müəllimin üzərinə məsuliyyət kimi qoyula bilər.
O, həmçinin məktəbdə təhsil prosesinin uzun illərdir normal təşkil olunmadığını vurğulayıb:
“Artıq 10 ildən çoxdur məktəb tam şəkildə təhsil müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Nizam-intizam tam pozulub".
Müəllim həmçinin məktəbə rəhbər təyin olunmuş direktorla bağlı narazılığını da ifadə edib.
Onun iddiasına görə, həmin şəxsin pedaqoji sertifikatı və ixtisas uyğunluğu olmadığı halda rəhbər vəzifəyə gətirilməsi kollektivdə ciddi narazılıq yaradıb.
“Məktəb kollektivinin böyük əksəriyyəti bu təyinatı qəbul etmir. Bu cür idarəetmə ilə təhsil prosesini düzgün qurmaq mümkün deyil”, - deyə o əlavə edib.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ nəzarətə götürülüb.
"İdarə tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib.
Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:16 / 07.02.2026
Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO
Hazırda oxunan: Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO
Hazırda oxunan: Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO
594952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































