"Visa" beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub.
Bu barədə"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, Assosiasiya və "Visa"nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib. Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların "Visa" ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb. Eyni zamanda, "Visa" ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi xərcləri azalıb.
"Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub", – deyə açıqlamada qeyd olunub.
ABA-nın məlumatına görə, sözügedən mexanizm ödəniş xidməti təchizatçıları üçün də vergi baxımından hüquqi aydınlığı artırır və riskləri azaldır:
"Belə ki, mexanizm çərçivəsində DTA-03 formasının əldə edilməsi xidmət göstərən tərəfin müvafiq ölkədə vergi rezidenti statusunu təsdiq edir və ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərin tətbiqi üçün hüquqi əsas yaradır. Bu isə ödənişlər üzrə mənbədə verginin düzgün dərəcə ilə tutulmasına və ya ümumiyyətlə tutulmamasına imkan verir".
Assosiasiya həmçinin bəyan edib ki, bu yanaşma əlavə vergi hesablamaları, sanksiya və cərimə risklərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda ödəniş xidməti təchizatçıları üçün vergi öhdəliklərinin daha şəffaf və proqnozlaşdırılan şəkildə icrasını təmin edir.
“Pul göndərənlər daha az xərcə düşəcək”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, xarici ödəniş əməliyyatların vergidən azad olunması təbii ki, əməliyyat xərclərinin azalmasına səbəb olur:
“Çox güman ki, bu qərar bank xidmətlərinə təsir göstərəcək. Əsasən də VİSA kartlarından istifadə edən və bu kart üzərindən xaricə pul köçürən şəxslər faizlərin aşağı düşməsi səbəbi ilə daha az xərcə düşəcəklər. Çünki hesablanan faizlər birbaşa xidmət haqqının şişməsinə səbəb olur. Əgər bundan sonra VİSA ilə xaricə pul köçürərkən fazi tutulmayacaqsa, deməli xidmət haqqı aşağı düşəcək. Bu, birmənalı olaraq müsbət addımdır”.
Surxay Atakişiyev, Bizim.Media



































































































