Ali təhsil müəssisələrində tələbələr bəzi hallarda universitetdən xaric edilə bilirlər. Bu, həm onların öz istəklərindən, həm də müvafiq qaydalara əməl etmədiklərindən baş verə bilər.
Bizim.Media bəzi universitetlərdə ötən tədris ilində xaric olunan tələbələrin sayını və səbəblərini öyrənib.
Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 164 nəfər universitetdən xaric edilib:
Bəs səbəb nə olub?
“139 nəfər öz istəyi ilə, 1 nəfər nizam- intizamı pozduğuna, 4 nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib”.
Azərbaycan Memarlıq və İnşaat Universitetində ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb.
Bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirib:
“Tələbənin universitetdən uzaqlaşdırılması Təhsil haqqında qanuna əsasən tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsilhaqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə, tələbə ilə universitetin münasibəti kəsilir, ancaq bu, bərpa oluna bilər.
Digər bir səbəb isə tələbənin şəxsi istəyinə görə universitetdən xaric olunmaq üçün ərizə yazmasıdır. Həmçinin o əgər cinayət məsuliyyətinə cəlb olunarsa, təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunarsa, universitetdən xaric edilir. Sevindirici haldır ki, 2024-2025-ci tədris ilində AZMİU-da cinayət məsuliyyətinə cəlb olunan tələbə olmayıb. Ancaq digər hallarda, 173 tələbə öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız xarici tələbələr olub.
“Onların hər biri isə öz istəkləri ilə uzaqlaşdırılıblar”, - deyə Günel Aslanova bildirib.
2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib.
Universitetin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, onlardan 27-si bakalavr, 18- isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, 2024-də 913, 2025-də 723 tələbənin xaricolunma əmri verilib.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə isə ötən semestr AZTU-dan xaric olunan tələbə olmayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media




































































































