Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında mədəniyyətin tədris prosesinin tərkib hissəsinə çevrilməsi, Azərbaycan mədəniyyətinə və dəyərlərinə dair fənn və biliklərin olunması nəzərdə tutulub.
Həmçinin bəzi fikirlərə görə isə incəsənət, tarix və ədəbiyyat fənləri birləşərək "mədəniyyət fənni" kimi tədris olunacaq.
Bu fikir maraqlı müzakirələrə səbəb olub. Xüsusilə abituriyentlər və gələcək illərdə imtahan verəcək şagirdlər üçün sual yaranır: əgər tarix və ədəbiyyat fənləri mədəniyyət fənninə daxil edilərsə, qəbul imtahanları necə təşkil olunacaq?
Başqa sözlə, ədəbiyyat və tarix fənnləri qəbul prosesindən çıxarıla bilərmi?
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. O deyir ki, ədəbiyyat və tarix fənlərinin qəbul imtahanından çıxarılması hazırda nəzərdə tutulmur.
Ekspert mədəniyyət fənninin necə tədris olunacağı barədə də danışıb:
"Mədəniyyət fənni ədəbiyyatı, incəsənəti, tarixi özündə əks etdirəcək. Bu, o demək deyil ki, ədəbiyyat və ya tarix bütünlüklə bu fənnə daxil ediləcək.
Məsələn, tarixi abidələr, mədəni ədiblər, yazıçılar, dastanlar həmin dərsliklərdən çıxarılıb, mədəniyyət dərsliyində tədris ediləcək. Bunun üçün dərsliklər, kadrlar hazırlanmalıdır, ona görə də hazırda tədrisi mümkün deyil. 2026-2027-ci tədris ilindən müvafiq olaraq mərhələli şəkildə tətbiq olunacaq.
Ondan sonra isə əgər qəbul imtahan modelində hər hansı bir dəyişiklik edilərsə, mədəniyyət fənni tətbiq edilə bilər Məsələn, hansı mövzuların ədəbiyyatdan, tarixdən çıxarılıb mədəniyyət fənni imtahanına salınacağı müəyyənləşdirilə bilər".
Elçin Əfəndi yaradılacaq mədəniyyət fənnini təbiət fənniylə müqayisə edib:
"2 il öncə təbiət fənni tədrisə başladı. Fizika, biologiya fənləri həmin fənnin adı altında tədris olunur. Onları tədris edən də elə həmin fənlərin müəllimləridir. Təbiət fənni qəbul imtahanına salınmayıb, fizika və biologiya üzrə ayrıca imtahanlar keçirilir. Mədəniyyət fənni yaradılsa, ədəbiyyat və tarix fənləri də belə olacaq",-deyə Elçin Əfəndi qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































