Bakının bu ərazilərindəki tikililər köçürüləcək – RƏSMİ – VİDEO

Bakının bu ərazilərindəki tikililər köçürüləcək – RƏSMİ – VİDEO

Hazırda oxunan: Bakının bu ərazilərindəki tikililər köçürüləcək – RƏSMİ – VİDEO

590784

Xəbər verdiyimiz kimi, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə ölkənin su təminatındakı real vəziyyət və mövcud  imkanlar ətraflı müzakirə olunub, perspektivlər müəyyən edilib.
 

Müşavirədə diqqət yetirilən məsələlərdən biri də Abşeron yarımadasında göllərin qurudulması  və həmin ərazilərdən keçən su xətlərinin və kanalizasiya şəbəkələrinin üzərində tikinti işlərinin aparılmasıdır. Bu tikililər səbəbindən mövcud su xətlərinin və kanalizasiya şəbəkələrinin istismarında ciddi problemlər yaranıb. Eyni zamanda yeni su və kanalizasiya xətlərinin çəkilişi mümkünsüz oub.


Ona görə də Dövlət Proqramına əsasən bir sıra ərazilərdə tikintilərin köçürülməsi zərurəti yaranıb.

Bəs hansı ərazilərdə köçürülmə işlərinin aparılması nəzərdə tutulur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, su xətlərinin, kanalizasiya şəbəkələrinin və hətta yağış sularının idarə olunması üçün nəzərdə tutulan drenaj xətlərinin üzərində və mühafizə zolağında tikinti işləri aparılıb:

“Bundan əlavə, Bakı ətrafında bir çox göllər qurudularaq həmin ərazidə tikinti işləri aparılıb. Bu zaman bizim su və kanalizasiya xətlərimiz tikililərin altında qalıb. Göllərin qurudulması yolverilməzdir. Çünki həmin göllər bir tərəfdən Bakının ekosistemini formalaşdırırdı, digər tərəfdən də təbii su mənbəyi rolunu oynayırdı. Həmin göllərdən sular buxarlanaraq yağışa çevrilir. Həmin yağış da əlavə su ehtiyatı deməkdir.

Bildiyiniz kimi “Yağış sularının idarəolunması” konsepsiyası var.
 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yağış sularının idarə olunması ilə bağlı iri layihələr reallaşdırır. Ona görə də göllərin qurudulması həm ekologiyaya zərbə vurur, həm də su təchizatına problemlər yaradır. Bu cür tikililər magistral xətlərin və kollektorların normal istismarına əngəllər törədir. Bəzən kollektor və xətlərdə baş verən qəzaları aparılmış tikintilər səbəbilə aradan qaldırmaq çətin olur.


Bu yaxınlarda Biləcəridə qəza baş vermişdi. Xəttin üzərindəki tikili səbəbilə qəzanın aradan qaldırılması xeyli vaxt apardı.

Bu cür tikililər Maştağa, Şağan, Bilgəh, Bülbülə, Binə və digər qəsəbələrdə daha çoxdur.

Bu ərazilərdə keyfiyyətli su və kanalizasiya xidməti göstərmək olduqca çətindir. Ona görə də adı çəkilən ərazilərdə evlərin köçürülməsi vacibdir. Qəbul edilmiş yeni dövlət proqramına əsasən bu istiqamətdə qəti addımlar atılacaq”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO