2 dekabr 2025-ci ildə imzalanmış Aİ–Ermənistan Strateji Gündəliyi diqqət mərkəzində qalmaqda davam edir.
Bizim.Media xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu məsələyə münasibət bildirib:
“Lakin sənəddə yer alan guya “erməni məhbusları və digər saxlanılanlar” mövzusuna ayrıca toxunaq…
Sənəddə bu müddəa belə ifadə olunur:
“Continue advocating for the release of Armenian prisoners and other detainees, and making efforts to address pending humanitarian issues, including the fate of missing persons and enforced disappearances, as confidence-building measures”.
Yəni:
“Erməni məhbuslarının və digər saxlanılanların azad edilməsi üçün çağırışları davam etdirmək, həmçinin itkin düşmüş şəxslərin taleyi və məcburi yoxa çıxmalar da daxil olmaqla, həllini gözləyən humanitar məsələlərin aradan qaldırılması istiqamətində etimad quruculuğu tədbirləri görmək”.
Birincisi, Azərbaycan həbs edilmiş Ermənistan vətəndaşları mövzusunu – onların bir hissəsinin artıq məhkəmə hökmü aldığı, digər hissəsinin isə məhkəmə qərarını gözlədiyi şəraitdə – Brüssel ilə heç bir formada müzakirə etməyəcək. Aİ-nin bu mövzuda müzakirə aparmaq kimi öhdəliyi yoxdur və Brüsseldən kimsə bu məsələni qaldırarsa, müvafiq cavabını alacaq.
Amma…
Söhbət hansı “erməni məhbuslarından” gedir?
Bu sualın cavabını sənəddə tapa bilməzsiniz. Sadəcə “erməni məhbusları və digər saxlanılanlar” anlayışı var. Sayı, ad-soyadı, hansı ölkədə saxlanıldıqları – bunların heç biri göstərilmir.
Halbuki, müharibə səbəbindən həbs edilmiş məhz erməni məhbusları var – Ermənistanda! Bəli, məhz Ermənistanda.
Söhbət ilk növbədə Azərbaycan dövlət strukturları ilə əlaqə saxlayan və reinteqrasiyanı istəyən Qarabağ ermənilərindən gedir. Onlar Ermənistanın işğal olunmuş ərazilərdə fəaliyyət göstərən və “Artsax MTX” adlandırılan Milli Təhlükəsizlik Xidmətinin nümayəndəliyi tərəfindən həbs olunmuşdular. Xatırlayırsınızsa, 2021–2023-cü illərdə Ermənistandan maliyyələşdirilən, Rusiyanın mövcudluğunu dəstəkləyən hərbi xunta tərəfindən onlarla Qarabağ ermənisi guya “xəyanət” ittihamı ilə həbs edilmişdi. Sonuncu belə şəxs 18 il müddətinə azadlıqdan məhrum edilən Sarkis Qalstyan olub.
Maraqlıdır, Aİ nümayəndələrini bu erməni məhbuslarının taleyi maraqlandırırmı? Aİ-nin Ermənistandakı nümayəndəliyi onları həbsxanada ziyarət edirmi? Ümumiyyətlə, kimsə onların halı ilə maraqlanırmı?
Xüsusilə də Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra?
Yoxsa Aİ nümayəndələri insanlara, hətta ermənilərə belə seçici yanaşma sərgiləyirlər?!”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:41 / 14.12.2025
Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”
Hazırda oxunan: Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”
Hazırda oxunan: Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”
585540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































