Bir müddətdir İranın böyük şəhərlərində qeydə alınan güclü hava çirklənməsi və bölgədə genişlənən toz-torpaq fırtınaları region ölkələrində də hava keyfiyyətinə təsir etmə potensialına malikdir. Qonşu ərazilərdə yaranan tozlu hava axınlarının külək istiqamətindən asılı olaraq Bakıya doğru hərəkət etməsi ehtimalı mövcuddur. Paytaxtda günlərdir istənilən hava şəraitində müşahidə olunan boz və çirkli atmosfer görünüşü də bu hava kütlələri ilə əlaqələndirilə bilər. Bu amillər birlikdə region üzrə hava keyfiyyətinə təsir edən genişmiqyaslı proseslərin bir-biri ilə bağlılığını göstərir.
Qeyd edək ki, İranda quraqlıq səbəbi də daxil olmaqla hava çirklənməsindən 60-dan artıq insan həyatıbı itirib.
Ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, Atlantik okeanı üzərindən gələn quru hava kütlələri nəticəsində Cənub-şərqi Asiya, o cümlədən İsrail, İran, Türkiyənin bir hissəsi, digər tərəfdən İspaniya, İtaliya kimi ölkələr bu quraqlıqdan əziyyət çəkir. Bundan başqa Afrikanın şimalından, eləcə də Ərəbistan yarımadasından gələn tozlu-çirkli hava kütlələri də ölkəyə daxil olur. Xüsusən də Xəzər dənizi üzərindən rütubətli havanın oksigenin konsentratıyla qarışması nəticəsində boğucu vəziyyət yaranır.
“Payız mövsümündə quraqlığın davam etməsinin mənfi cəhətləri var. Ən böyük fəsad şəhər mühitində, onsuz da tullantı qazlardan çirklənmiş havanın quru havalarda bir az da küləklə yayılmasıdır. Daxili yanma mühərrikindən çıxan qazlarda 260-ya yaxın toksik maddə mövcuddur. Bakıda milyondan artıq fərdi avtomobil var.
Bir tərəfdən də region ölkələrindən gələn qatı çirkli hava kütlələri vəziyyəti daha da dərinləşdirir. Yağış yağdığı zaman o zərərli kimyəvi maddələrin təxminən 45 faizi torpağa çökür. Bu da özüylə başqa problem gətirir. Çöküntünün bir hissəsi meyvə-tərəvəzə, göy-göyərtiyə hopur ki, onlar təmiz yuyulmadıqda orqanizmi təhlükə altında qoyur”.
Ə.Əliyevin proqnozuna görə hazırda Şimal və Qərbdən gələn hava kütlələri yağıntı gətirməlidir.
“Havanın yağıntısız keçməsi isə tozun çökməsini ləngidir və çirklənmənin daha uzun müddət atmosferdə qalmasına şərait yaradır. Adətən ilin bu fəslində Azərbaycanda çox təmiz, aydın mənzərə olardı. İntensiv yağışlar havanı təmizləyirdi. Dekabr ayından yağışlar gözlənilir, bunun sayəsində payız özünün ənənəvi formasını – yağışlı, rütubətli şəklinin alacaq”
Şəfiqə Şəfa, Bizim.Media




























































































