Xəbər verdiyimiz kimi, rayon və kəndlərdə yerləşən məktəblərdə çalışan gənc müəllimlərə kompensasiya ödəniləcək.
2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin rayon və kəndlərdə yerləşən məktəblərə işə cəlb olunmasını stimullaşdırmaq məqsədilə maaşlarına əlavələr ediləcək.
Yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsinən 20,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Hesablamaya görə, hər müəllim üçün müvafiq xərclərin ödənilməsinə 2 min manatdan çox vəsait ayrılacaq.
Mövzuyla əlaqədar təhsil üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirdi ki, gənc müəllimlərə əlavə pul verilməsi fikri əvvəldən də mövcud idi.
Bölgələrdə müəllimliyi seçən gənclərin əməkhaqqları H1 və H2 əmsalına vurulurdu:
“Yəni onları həmin yerlərdə qalmaq, kommunal və digər xərcləri ilə bağlı müəyyən hesablamalar vardı. Sadəcə həmin məbləğdə müəyyən qədər artım olacaq. Hardasa təxminən 2015-2016 manat edir ki, bu da bölgələrdə çalışan müəllimlərin ümumi sosial rifahına təkan vermiş olar”.
Ekspert bildirdi ki, gənc müəllimlərin bölgələrdə çalışması üçün başqa stimullaşdırıcı və həvəsləndirici qərarlar qəbul edilməlidir.
Təkcə maaşlarına edilən əlavə artım kifayət etmir.
“Bölgələri seçən gənc müəllimlərin əksəriyyəti kişilər olur, ya da subay qızlar. İstisna hallarda ailəli vətəndaşlar bölgələrdə dərs deməyi seçirlərsə, ailəsini də özü ilə aparmalıdır.
Burada artıq bir yox bir neçə nəfərin yaşayış xərcləri var. Ona görə də əlavə həvəsləndirici amillər olmalıdır ki, onlar da vakant yerləri seçməkdə maraqlı olsunlar.
Məsələn güzəştli mənzillərin müəllimlərə daha aşağı faizlə verilməsi, yaşadıqları ərazidə torpaq sahəsi ilə təminatı və s. kimi stimullaşdırıcı qərarlarla prosesi müsbətə doğru fəyişmək mümkündür”.
Şəfiqə Şəfa, Bizim.Media






























































































